AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru və şöbə müdiri GEANT-ın Baş Assambleyasının iclasında iştirak ediblər
Apr 06, 2022 | 16:10 / Konfranslar, iclaslar
Oxunub 288 dəfə

23-24 mart 2022-ci il tarixlərdə GEANT-ın Baş Assambleyasının 26-cı onlayn iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.

Hər il olduğu kimi, bu il də iclasda milli, nümayəndə və assosiativ üzvlər iştirak ediblər. Onlayn tədbirə Avropa, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən 60-dan çox nümayəndə qoşulub.

İclasın birinci günündə GN5 Konsorsium Sazişi  haqqında yeniliklər nəzərə çatdırılıb, məlumat paylaşımı, əsas xəbərlər və layihələrə dair müzakirələr aparılıb.

Tədbirin növbəti günündə 2021-ci il üzrə İnnovasiya Proqramı haqqında hesabat təqdim edilib və müzakirələr aparılıb. Bundan əlavə, GEANT Assosiasiyasında kibertəhlükəsizlik məsələləri müzakirə olunub. GEANT Assosiasiyası üçün mümkün kibertəhlükəsizlik ssenariləri və bu fəaliyyət üzrə maliyyə məsələlərini əhatə edən məruzələr təqdim edilib.

Sonra iştirakçılar qruplara bölünərək sessiya rəhbərləri tərəfindən ünvanlanan sualları cavablandırıblar. Müzakirələrin nəticələri iştirakçılara təqdim olunub.

İclasın sonunda EuroHPC daxil olmaqla Avropa İttifaqı ilə əlaqələr üzrə son yeniliklər iştirakçıların nəzərinə çatdırılıb və bu barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı iki dəfə görüşürlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015