AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının monoqrafiyası ABŞ-da nəşr edilib
Apr 05, 2022 | 12:41 / Yeni nəşrlər
Oxunub 72 dəfə

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və həmin institutun baş elmi işçisi riyaziyyat elmləri doktoru, dosent Nailə Vəliyevanın həmmüəlif olduqları 412 səhifəlik monoqrafiyası “Algorithms of the synthesis of optimal regulators” (Aliev F.A., Larin V.B., Velieva N.I.) ABŞ-da “Outskirts Press” nəşriyyatında çap olunub.

Monoqrafiyada cəbri, dövri və birtərəfli Rikkati, Lyapunov və Silvester matris tənliklərinin həlli üsulları təqdim olunub. Həmçinin ümumiləşdirilmiş Silvester tənlikləri, matris polinomların kəsilməz və diskret halda faktorizasiyası alqoritmləri verilib. Eyni zamanda, optimal tənzimləyicilərin sintezi məsələsi faza koordinatlarının bir hissəsi ölçülən halda da araşdırılıb. Məlum parametrləşdirmə (Youla-Jabr-Bongiorno (1976) və Desoer-Liu-Murrau-Saeks (1980) alqoritmlərinin monoqrafiyada təqdim olunan ümumi parametrləşdirmə alqoritmlərinin xüsusi halı olduğu göstərilib. Bu tənliklərdən optimal idarəedicilərin sintezi problemlərində istifadə olunur.

Alınan nəticələrin pilotsuz uçuş aparatlarının idarə edilməsində, neftin qazlift üsulu ilə çıxarılmasında və müxtəlif problemlərin həllində tətbiq olunması göstərilib. Monoqrafiyada alınan nəticələr riyazi dəqiqliklə işlənib, hər bir bölmə çoxsaylı misallarla MATLAB riyazi proqramlar paketində nümayiş etdirilib.

Monoqrafiyadan tələbələr və tətbiqi riyaziyyat və idarəetmə sistemləri nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

AzərTac

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015