AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Biofizika İnstitutunda Elm gününə həsr olunmuş növbəti seminar keçirilib
Apr 01, 2022 | 17:05 / Konfranslar, iclaslar
Oxunub 306 dəfə

AMEA-nın Biofizika İnstitutunda Elm gününə həsr olunmuş “Biomolekulların analizində Furye Çevirici İnfraqırmızı Spektroskopiyanın rolu. Anti-xərçəng peptidi olan EQRPR-in strukturu və onun lipid model sisteminə təsiri” mövzusunda növbəti elmi seminar keçirilib.

Öncə 31 mart soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova mövzu üzrə çıxış edib.

Gənc alim məruzəsində Furye Çevirici İnfraqırmızı Spektroskopiyanın biomolekulları tədqiqi prinsipi, bu tədqiqatlar zamanı onun üstünlükləri və çatışmayan cəhətləri haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, xərçəng xəstəlikləri, xüsusən də ağciyər karsinoması, dünyada ən çox ölümə səbəb olan amillərdən biridir: “Artıq iki ildən çoxdur ki, bütün dünyada COVID-19 (və ya SARS-CoV-2) pandemiyası baş verir və istər iqtisadiyyatda, istərsə də gündəlik sosial həyatda çox fəsadlar verməkdədir. Təqdim olunan tədqiqat işində düyü kəpəyinin hidrolizi yolu ilə alınan bioloji aktiv Glu-Gln-Arg-Pro-Arg pentapeptidinin multifunksional xassələrə malik olduğu göstərilib. Müxtəlif nəzəri və spektroskopik üsullarla Glu-Gln-Arg-Pro-Arg pentapeptidinin və onun D-izomerlərinin struktur xüsusiyyətləri müəyyən edilib. Beləliklə, Glu-Gln-Arg-Pro-Arg pentapeptidinin çoxfunksiyalı olaraq həm xərçəng xəstəliklərinin müalicəsində, həm də COVID-19 virusuna qarşı mübarizədə istifadə oluna biləcəyi göstərilmişdir”, - deyə M.Baxışova bildirib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015