AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib
Mart 17, 2022 | 08:27 / Konfranslar, iclaslar
Oxunub 198 dəfə

AMEA-nın Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov öncə Elmi şuranın üzvlərini və rəhbərlik etdiyi müəssisənin kollektivini milli adət-ənənələrimizi özündə ehtiva edən, çoxəsrlik tarixə malik Novruz bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.

İclasın gündəliyində yer alan ilk məsələ fizika elmləri doktoru, professor İman Əsgərzadə 60 illik yubileyinin keçirilməsi olub. Akademik Arif Həşimov diqqətə çatdırıb ki, professor İ.Əsgərzadə 1962-ci il mart ayının 12-də Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirən yubilyar 1995-ci ildə “Josefson əlaqəli laylı sistemlərdə ifratkeçicilik” mövzusunda namizədlik, 2004-cü ildə “Laylı sistemlərdə ifratkeçicilik və onlar əsasında qurulmuş bəzi strukturların dinamik xassələri” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib.

İman Əsgərzadə yeni sinif ifratkeçiricilərin (CuO və FeAs əsaslı, Y(Lu)Ni2B2C, MgB2) fiziki xassələrinin Ginzburg-Landau və Bardeen-Cooper-Schrieffer nəzəriyyəsi daxilində araşdırılması, eləcə də həcmi və nano-ölçülü ifratkeçiricilərdə ikizonalı Ginzburg-Landau nəzəriyyəsi, gradiyentlərarası sərbəst enerji həddinin təsiri, Abrikosov burulğanlarının dinamikası və simmetriyası, fluktuasiya effektlərinin tədqiqi sahəsində gör­kəmli mütəxəssisdir. O, Eliashberq nəzəriyyəsi daxilində qeyri-adiabatik, güclü anizotropiya və çoxzonalılıq effektlərinin kritik temperatura, istilik tutumunun sıçrayışına və digər parametrlərə təsiri istiqamətində ciddi elmi yeniliklər əldə edib.

Baş direktorun sözlərinə görə, çoxsaylı beynəlxalq qrant layihələrin qalibi olan professor İ.Əsgərzadə dünyanın aparıcı elmi-tədqiqat və təhsil müəssisələrində uzunmüddətli ezamiyyətlərdə olub.

Akademik Arif Həşimov vurğulayıb ki, indiyədək yubilyarın 132 əsəri işıq üzü görüb. Xaricdə dərc olunan 122 əsərin 102-si Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda yer alıb. Həmçinin iki monoqrafiyası “Springer” nəşriyyatında (2012 və 2017-ci ildə) çap olunub.

Elmi şura üzvləri yekdilliklə professor İman Əsgərzadənin 60 illik yubileyinin keçirilməsi barədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşısında vəsatət qaldırılmasını qərara alıb.

İclasın gündəliyinə əsasən, institutun Elmi şurası bir sıra elmi-təşkilati və kadr məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edib.

Sonra Fizika İnstitutunun Kosmik şüa mənbələri fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun “Enerji çevrilmələrində aşağı enerjili neytrinolardan istifadə perspektivləri və onların detektə olunma imkanları” haqqında elmi məruzəsi dinlənilib, bu istiqamətdə müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015