AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın ən gənc elmlər doktoru: “Stimullaşdırıcı mükafatlar gənc tədqiqatçıları daha böyük həvəslə elmi araşdırmalar aparmağa təşviq edir”
Yan 18, 2022 | 05:16 / Müsahibələr, çıxışlar
Oxunub 300 dəfə

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin dekabrın 29-da keçirilmiş iclasının qərarına əsasən, akademiyanın Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətləri, həmçinin 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyi nəzərə alınaraq, ona beş min manat məbləğində pul mükafatının verilməsi qərara alınıb.

Dünyanın reytinqli və indeksli 40-a yaxın jurnalında çap olunmuş 93 elmi əsərin müəllifi olan E.Hüseynovun beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi 18, i10-indeksi 23, istinad sayı 600-ə yaxındır.

Ölkəmizdə radiasiya materialşünaslığı, nanoelektronika və nanonüvə texnologiyalarının inkişafına yönəlmiş elmi tədqiqat işlərinin aparılması, bu istiqamətlərdə peşəkar kadrların yetişdirilməsi E.Hüseynovun elmi fəaliyyətinin əsas hədəflərindəndir.

Azərbaycanın ən gənc elmlər doktoru Elçin Hüseynov ilə müsahibəni təqdim edirik:

Elçin bəy, bu yaxınlarda AMEA-nın 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan mükafatına layiq görülmüsünüz. Bu barədə fikirlərinizi bölüşməyinizi istərdik.

- İlk öncə qeyd edim ki, son illərdə AMEA-da çalışan gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axınının təmin olunması istiqamətində mühüm tədbirlər görülür.

Respublikada həyata keçirilən gənclər siyasətinin ayrılmaz hissəsi kimi, Akademiyada da AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla həyata keçirilir. Biz gənc alimlər də öz üzərimizə düşən məsuliyyəti dərk edir, ölkənin elm və gənclik siyasətinə dəstək vermək üçün bütün potensialımızı səfərbər edirik.

Düşünürəm ki, AMEA-nın 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan mükafatı Akademiya rəhbərliyinin gənclərə verdiyi böyük dəyərinin göstəricisidir. Bu kimi stimullaşdırıcı tədbirlər gənc tədqiqatçıları daha böyük həvəslə elmi araşdırmalar aparmağa, tədqiqatlarını daha da dərinləşdirməyə təşviq edir.

Hesab edirəm ki, bu kimi mükafatların verilməsi gənclərin elmi potensialının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Öz növbəmdə, mənə göstərilən etimada görə AMEA rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

ABŞ, Almaniya, İtaliya, Fransa, Çex Respublikası, Avstriya, Sloveniya, Türkiyə, Rusiya və s. ölkələrin nüfuzlu mərkəzlərində radiasiya fizikası, nanoelektronika və nanonüvə texnologiyaları ilə əlaqədar fəaliyyət göstərmisiniz. Elmi tədqiqatlarınızın əsas istiqamətlərindən bəhs edərdiniz.

- Elmi tədqiqatlarımın əsas istiqamətlərini radiasiya materialşünaslığı, nanoelektronika və nanonüvə texnologiyalarının kombinasiyası əhatə edir. Hazırda dünyada ən aktual problemlərdən biri, nano ölçülərdə materialların fiziki xassələrinin idarə edilməsi və ya məqsədyönlü dəyişdirilməsindən ibarətdir. Bu istiqamətdə tədqiqatçılar tərəfindən müxtəlif yanaşmalar olsa da, neytron seli ilə nanokristallarda mümkün dəyişikliyin yaranması çox aktual məsələdir. Bu yanaşmada, tədqiqat işlərimdə əsas məqsəd müxtəlif tərkibli nanokristallik (və ya adi) hissəcikləri neytron seli ilə aşqarlamaqdan ibarətdir. Belə ki, nanomateriallar çox kiçik ölçülü və həssas olduğundan onların aşqarlanması üçün neytron selindən istifadə mükəmməl vasitədir. Neytron seli ilə materialların aşqarlanması günümüzə qədər dünyanın ən dəqiq və həssas aşqarlanma üsulu hesab edilir. İşlərimdə əsas məqsəd mikro və nanoelektronikada çox geniş tətbiq sahəsinə malik tərkibli olan nanokristallik hissəciklərin fiziki xassələrini neytron seli ilə idarə etmək və ya mümkün dəyişikliklər yaratmaqdır. Ümumi yanaşmada, neytron transmutasiyası nəticəsində alınmış yeni xüsusiyyətli nanomateriallar mikroelektronika, nanoelektronika, mikroelektromexaniki sistemlər (MEMS), nanoelektromexaniki sistemlər (NEMS) və ionlaşdırıcı mühitlər (peyk texnologiyalarında, nüvə texnologiyalarında və s.) kimi bir sıra sahələrdə geniş tətbiq potensialına malikdir.

Azərbaycanda radiasiya materialşünaslığı, nanoelektronika və nanonüvə texnologiyalarının inkişafı ilə bağlı aparılan tədqiqatların səviyyəsi sizi qane edirmi? Son illərdə ölkəmizdə qeyd edilən elmi istiqamətlərdə hansı nailiyyətlər əldə olunub?

Milli Nüvə Tədqiqatları Mərkəzinin Radiasiya materialşünaslığı və nanotexnologiya şöbəsinin müdiri kimi, bu məsələyə münasibət bildirməyinizi istərdik.

- Azərbaycanda radiasiya materialşünaslığı istiqamətində tədqiqatlara Sovet İttifaqı dövründən başlanılmışdır. 1960-cı illərin sonlarından Azərbaycana qamma şüalanma qurğusunun gətirilməsi ilə bu istiqamətdə elmi tədqiqatların aparılmasına böyük təkan verilmişdir. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. 2002-ci ildə isə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır.

Son illərdə bu istiqamətdə görülən işlərdən biri də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Proqramı üzrə Milli Layihə çərçivəsində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin fəaliyyətə başlaması olmuşdur.

Hazırda ölkəmizdə radiasiya materialşünaslığı istiqaməti üzrə aparılan elmi tədqiqatların əhatə dairəsi kifayət qədər genişdir.

Nanoelektronika və nanonüvə texnologiyaları üzrə tədqiqatlar isə son 15 illik dövrü əhatə edir. Qeyd edim ki, bu sahədə tədqiqatların aparılması böyük maliyyə vəsaitləri hesabına həyata keçirildiyindən bu istiqamətdə müəyyən qədər çatışmazlıqlar mövcuddur. Lakin hazırda dünyada gedən qloballaşma prosesləri müxtəlif elm mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, qeyd olunan istiqamətdə layihələrin beynəlxalq səviyyədə həyata keçirilməsinə imkan verir.

Milli Nüvə Tədqiqatları Mərkəzinin Radiasiya materialşünaslığı və nanotexnologiya şöbəsinin əsas fəaliyyət istiqamətləri nələrdir?

- Şöbədə müxtəlif nanomaterialların, nanoölçülü yarımkeçiricilərin neytron transmutasiyası üsulu ilə xassələrinin dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır. Həmçinin nanomateriallarda lazım olan temperaturun aşağı salınması üçün aşqarlanma prosesləri həyata keçirilir.

Bu materiallar geniş tətbiq sahələrinə malikdir və gələcəkdə ölkəmizdə elektronika istehsalını həyata keçirən müəssisələrdə öz tətbiqini tapa bilər. 

Gələcəyə dair planlarınızdan danışardınız. Hansı elmi problemlərin araşdırılmasında yaxından iştirak etməyi nəzərdə tutursunuz?

- Öncə qeyd etdiyim kimi, hazırda dünyada nanotexnologiyalar istiqamətində ən aktual məsələlərdən biri hər hansı bir nanohissənin xassələrinə müdaxilə edilmə imkanlarının araşdırılmasıdır. Əslində, nanostrukturların xüsusiyyətlərinə istənilən növ xarici təsirlə müdaxilə etmək mümkündür. Lakin burada əsas önəmli və incə məqam ondan ibarətdir ki, nanomaterialın xüsusiyyətlərində məqsədyönlü dəyişikliklər aparılsın. Başqa sözlə, bizim üçün lazım olan istiqamətdə dəyişikliklərin aparılması və digər xüsusiyyətlərin saxlanılmasıdır. Misal üçün, əgər hər hansı nanomaterial metal və ya yarımkeçirici kimi hər hansı nanoelektronikada tətbiq olunursa onun tutumu və ya digər xüsusiyyətləri bizim istəyimizə uyğun olaraq dəyişdirilsin, lakin strukturu saxlanılsın. Əgər kubik struktura malik hər hansı bir nanokristal elektronikada tətbiq olunursa, xassələrinin necə dəyişməyindən asılı olmayaraq strukturunun saxlanılması önəmlidir. Məsələyə loru dildə yanaşsaq, istehsal olunmuş hər hansı nanoçip nanoçip olaraq qalır, lakin imkanları artır və ya hər hansı nanokondensator öz formasını saxlayır, lakin tutumu artır və sair. Gələcəkdə bu kimi problemlərin həlli istiqamətində elmi işlərimi davam etdirmək əsas hədəfimdir. Məhz bu kimi problemlərin həlli bizə gələcəkdə daha kiçik ölçüdə daha çoxfunksiyalı avadanlıqlar hazırlamaq imkanı verəcək.

35 yaşadək elmlər doktoru elmi dərəcəsini almağı hədəfləyən gənc tədqiqatçılara tövsiyələriniz nələrdir?

- İlk öncə onu qeyd edim ki, insan sevdiyi işlə məşğul olduqda və gördüyü işdən zövq almağı bacardıqda bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. İnsanın gördüyü işdə bacarıqlarını maksimum səviyyədə ortaya qoymağa müvəffəq olması da uğur qazanılmasında əsas amillərdən biridir. Uzun illər ABŞ, Avropa ölkələrində müşahidələrimə və təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Qərb ölkələri tədiqatçıları daha çox bacardıqları işlə məşğul olmağa üstünlük verirlər.

Gənc tədqiqatçılara tövsiyəm ondan ibarətdir ki, daim öz üzərlərində işləməli, yeniliklərə açıq olmalı, elmə dərin həvəs göstərməlidirlər. Yalnız bu halda gənc yaşda elmlər doktoru elmi dərəcəsini qazanmaq mümkündür.

 

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015