AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Zahid Xəlilovun məzarını ziyarət ediblər
Yan 14, 2022 | 12:10 / Mühüm hadisələr
Oxunub 47 dəfə

Bu gün Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və sözügedən müəssisənin əməkdaşları müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri, riyaziyyat üzrə ilk elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Zahid Xəlilovun Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Qeyd edək ki, Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olub, burada orta məktəbi və pedaqoji texnikumu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olub. 1930-cu ildə universitet fəaliyyətini dayandırdıqdan sonra, Zahid Xəlilov təhsilini Pedaqoji Universitetdə davam etdirib.

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Tiflisdə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlayıb, sonralar SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altnda elastiklik nəzəriyyəsi ilə məşğul olub. Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlayıb.

Z.Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. Onun 1946-cı il iyun ayının 3-də, 35 yaşında Tbilisi Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında aldığı elmi nəticələr riyaziyyat elminin qızıl fonduna daxil edilib. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi.

Alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, o poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermiş habelə, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015