AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Riyaziyyat və mexanika, İnformasiya texnologiyalari institutlarinin 2021-ci il üçün hesabatları müzakirə olunub
Yan 12, 2022 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 74 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclasında Riyaziyyat və Mexanika (RMİ), İnformasiya Texnologiyaları (İTİ) ins­­titutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin 2021-ci  ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatları müzakirə olunub.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direk­tor­la­rı və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələ­ri­nin rəhbərləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Riyaziyyat və Mexanika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarından danışan müəs­si­sənin baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, institutda təd­qi­qat­lar, əsasən yeddi istiqamət üzrə apa­­rılıb və cari ildə 4 mühüm nəticə əldə olunub. Həmçinin institut əmək­daş­larının yüksək impakt faktorlu məcmuələrdə 127 məqaləsi, 1 monoqrafiyası, xaricdə 1 dərs vəsaiti, 5 elmi-populyar kitabı (1-i xaricdə) və 21 elmi-populyar məqaləsi işıq üzü görüb. Hesabat ilində 1 respublika patenti alınıb, alim­lə­rin mə­qa­lə­lə­rinə, ümu­­milikdə 2064 istinad olub.

Misir Mərdanovun sözlərinə görə, RMİ tərəfindən nəşr olunan “Azerbaijan Journal of Mathematics”, “Proceedings of the İnstitute of Mathematics and Mechanics”, “Transaction İssue Mathematics, Azerbaijan National Academy of Sciences” elmi məcmuələri “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxil edilib.

Məruzəçi Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının, eləcə də Na­zir­lər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərar­la­rın­dan irəli gə­lən vəzifələrin icra vəziyyətinə də toxunub.

Baş direktor beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun  və Rusiya Fundamental Tədqiqatlar Fondunun 1-ci Azərbaycan-Ru­siya birgə beynəlxalq qrantı üzrə, eləcə də Türkiyə Elm və Texnoloji Araşdırma Şurası (TUBİTAK) ilə əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlardan danışıb. Vurğulayıb ki, hesabat ilin­də Türkiyənin, Almaniyanın, İsrailin, Birləşmiş Ərəb Əmirıliyinin, Fransanın, İsrailin Rusiyanın, Ukraynanın, Danimarkanın, İtaliyanın, Gürcüstanın, Hindistanın çoxsaylı elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli elmi əməkdaşlıq əlaqələri uğurlu şəkildə davam etdirilib.

Onlayn iclasda RMİ-də elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr ha­zır­lı­ğı­nın cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən “Vikipediya” elektron ensik­lo­­pe­di­ya­sın­da fəaliyyət istiqamətində görülmüş işlər haqqında da məlumat verilib. Əmək­daş­ların müxtəlif televiziya kanalları, radio və digər mətbuat orqanlarda yer alan müsahibə və çıxış­la­rın­dan da bəhs edilib.

2021-ci ilin yadda qalan uğurlarından biri də Azərbaycan Respiblikası Prezidentinin müvafiq Sərəncamı ilə AMEA-nın müxbir üzvü Misir Mərdanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi olub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, 2021-ci il 50 illik yubileyini qeyd edən İTİ-nin mühüm nailiyyətləri ilə yadda­qa­lan olub. Belə ki, institutun iki aliminin adı ABŞ-ın Stenford Universiteti tərəfindən təq­dim edilən dün­ya­nın ən nüfuzlu alimlərinin (ilk 2 %) reytinq qiymətləndirmə siyahısına daxil edi­lib.

Akademik vurğulayıb ki, institutda təd­qi­qat­lar, əsasən iki istiqamət üzrə apa­­rılıb, 82 məqalə, 2 kitab və 6 ekspress-informasiya nəşr olunub, beynəlxalq və respublika səviyyəli müxtəlif konfranslarda 136 məruzə edilib. Cari ildə işıq üzü görən 226 əsərdən 74-ü nüfuzlu bazalara daxil olub. Əməkdaşların məqalələrinə hesabat ilində 2152, ümumilikdə isə 15214 istinad qeydə alınıb.

Baş direktor “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin, AR Nazir­lər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərar­la­­rından irəli gə­lən vəzifələrin icra vəziyyətinə də toxunub. Həmçinin İTİ-nin “İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya” (2019-2024-cü illər) layihəsinin, “Azərbaycan Respublikasının 2022-2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal transformasiya konsepsiyası” layihələrinə rəylərin hazırlanmasında, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işində iştirak etdiyini diqqətə çatdırıb.

Hesabat ilində İTİ tərəfindən, həmçinin elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində dövlət orqanları üçün elmi ekspertiza fəaliyyəti həyata keçirilib, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA Rəyasət Heyəti, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı tərəfindən maliyyələşdirilən qrant layihələri yerinə yetirilib, “Elmi kadrlar” Milli İnformasiya Sistemi və “Dissertasiya mövzularının reyestri” İnformasiya Sistemi hazırlanıb.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, hesabat ilində AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyəti çərçivəsində e-elmin informasiya təminatının formalaşdırılması işləri davam etdirilib, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytlar işlənib. AMEA-nın elmi müəssisə və təşkilatlarının informasiya resurslarının Data Mərkəzdə saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası davam etdirilib.

FRTEB-in Ümumi yığıncağının sədri hesabat ilində NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İTİ və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransdan söz açıb. Vurğulayıb ki, rəhbərlik etdiyi elmi müəssisə Rusiyanın Cənub-Qərb Dövlət Universitetində keçirilən “Tanıma – 2021” XVI beynəlxalq konfransının, eləcə də, Rusiyanın təşkil etdiyi “X Milli Superkompüter Forumu” çərçivəsində keçirilən “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” beynəlxalq konfransının təşkilatçılarından biri olub.

Akademik Rasim Əliquliyev qeyd edib ki, institutun əməkdaşları müxtəlif beynəlxalq təşkilat və elmi qurumlarla əməkdaşlıq edib, beynəlxalq layihələrdə, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, elm və təhsil üçün regional telekommunikasiya şəbəkəsinin (EaPConnect) inkişaf etdirilməsində iştirak edib, xarici alimlərlə birgə elmi tədqiqatlar aparıb, bir sıra görüşlər keçirib.

Elmi-texniki ekspertiza fəaliyyəti çərçivəsində institut 11 beynəlxalq konfransın proqram komitəsində, institut əməkdaşları 12 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunub.

Onlayn iclasda İTİ-nin 2021-ci ildə kadr hazırlığı, elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində əldə etdiyi nailiyyətlərdən də danışılıb. İnstitutun baş direktoru söyləyib ki, institutun fəaliyyəti ilə bağlı KİV-də 470 məqalə dərc olunub, institut əməkdaşları 32 dəfə KİV-də çıxış ediblər. Vikipediyada informasiya təminatı fəaliyyəti çərçivəsində 266 yeni məqalə yerləşdirilib.

Daha sonra onlayn iclasın iştirakçılarına FRTEB üzrə AMEA-nın bəzi həqiqi və müxbir üzvlərinin hesabatları dinlənilib. Iclasda çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev hesabat ilində elmi fəaliyyətindən danışıb. Bildirib ki, beynəlxalq elmi bazalarda indeksləşən “Applied and Computational Mathematics” və Journal of Pure and Applied Mathematics” jurnallarının baş redaktoru, həmçinin Azərbaycanda, İran İslam Respublikasında, Ukraynada nəşr olunan çoxsaylı jurnalın redakasiya heyətinin üzvüdür. Alim beynəlxalq konfrans və seminarlar iştirakı, dərc edilən elmi əsərləri, qrantlar, kadr hazırlığı barədə də müfəssəl məlumat verib.

Fikrət Əliyevin sözlərinə görə, 2021-ci ildə əldə etdiyi ən mühüm elmi nəticə “Maye dempferli rəqsvari sistemlər üçün bəzi məsələlərin riyazi modellərinin qurulması və tətbiqləri” mövzusunda olub.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Vaqif Quliyev diqqətə çatdırıb ki, hesabat ilində nəşr olunan 13 elmi əsərinin 7-si “Clarivate Analytics”in siyahısında olan jurnallarda çap edilib. Alimin elmi əsərlərinə MathSciNet Mathematical reviews də olan istinadların sayı 250, Google Scholarda isə 400-dür.

Vaqif Quliyev əldə etdiyi mühüm elmi nəticələrdən, kadr hazırlığından, iştiurak etdiyi beynəlxalq elmi tədbirlər haqqında da ətraflı məlumat verib.

Məruzələrlə bağlı aparılan müzakirələrdə akademiklər – Arif Həşomov, Fikrət Əli­yev, Cavad Abdinov, Adil Qəribov, Yusif Məmmədov, Asəf Hacıyev, AMEA-nın müxbir üzvləri – Afiq Hə­sə­nov, Namiq Cəlilov, Vaqif Quliyev, Oktay Qasımov, Ramiz Alıquliyev, Kamil Ayda-zadə, eləcə də professor Şakir Nağıyev yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları ins­­titutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin 2021-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesa­batların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015