AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimin monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilib
Yan 10, 2022 | 09:07 / Yeni nəşrlər
Oxunub 391 dəfə

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılovun “Ridge functions and applications in neural networks” adlı monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilib.

Monoqrafiya ridge funksiyalarına və onların neyron şəbəkələri nəzəriyyəsindəki tətbiqlərinə həsr olunub. Ridge funksiyaları elmin müxtəlif sahələrində vacib rol oynayır. Məsələn, onlar xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində, kompüter tomoqrafiyasında, statistikada geniş istifadə edilir. Ridge funksiyaları, həmçinin bir sıra neyron şəbəkə modellərinin əsasını təşkil edir.

Monoqrafiyada ridge funksiyalarının müxtəlif nəzəri approksimativ xassələri öyrənilib. Kitabda, o cümlədən ümumiləşmiş ridge funksiyaları tədqiq edilib, onların xətti superpozisiyalarla və Kolmoqorovun superpozisiyalar haqqında olan məşhur teoremi ilə əlaqəsi təsvir olunub. Nəşrin son hissəsində birqat və ikiqat gizli laylı neyron şəbəkə modelləri müzakirə edilir. Bu hissədə alınmış nəticələr adi və ümumiləşmiş ridge funksiyaların xassələrinə əsaslanır. Baxılan neyron şəbəkə modellərinin universal approksimasiya xassələrinin yeni aspektləri aşkar edilir.

Monoqrafiya funksional analiz, approksimasiya nəzəriyyəsi, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi sahələrində çalışan mütəxəssislər və doktorantlar üçün maraqlı ola bilər. Vəsaitdən, həmçinin neyron şəbəkələr üzrə istisaslaşmış tədqiqatçılar və ridge funksiyaların tətbiq olunduğu digər sahələrin mütəxəssisləri istifadə edə bilər.

Nəşr haqqında geniş məlumatla Amerika Riyaziyyat Cəmiyyətinin internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd etmək lazımdır ki, Amerika Riyaziyyat Cəmiyyəti 1943-cü ildən başlayaraq monoqrafiya seriyasında 265 kitab çap edib və indiyə qədər kitab müəllifləri arasında Qafqazda, Orta Asiyada və ya hər hansı müsəlman ölkəsində işləyən alimin adı yer almayıb. Amerika Riyaziyyat Cəmiyyətinin bu seriyadan olan kitablarının illər üzrə siyahısına və müəlliflərin çalışdıqları ölkə adlarına buradan baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015