AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Biofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
Noy 30, 2021 | 09:12 / Konfranslar, iclaslar
Oxunub 87 dəfə

Noyabrın 29-da AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərinə gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda ilk olaraq Biofizika İnstitutunun 2022-ci il üçün tədqiqat işlərinin əhatəli planı, nəzdindəki laboratoriyaların iş proqramları müzakirə olunaraq təsdiqlənib. Biofizika İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının hazırlanaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunması qərara alınıb.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni idarə heyəti və tərkibi təsdiq olunub. Diqqətə çatdırılıb ki, GAMŞ-ın sədri vəzifəsinə Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Mətanət Mansurova, sədr müavini vəzifəsinə Biomolekulların strukturu, dinamikası və funksiyası  laboratoriyasının kiçik elmi işçisi Ramiyyə Həsənova, şuranın məsul katibi vəzifəsinə isə Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının kiçik elmi işçisi Aidə Məmmədzadə seçilib.

İclasda, həmçinin institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Sonda “Biofizika” ixtisası üzrə dosent elmi adı almaq üçün Ekoloji biofizika laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyevanın namizədliyi irəli sürülüb. Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən, R.Quliyevanın dosent elmi adı alması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015