AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
“Google” AMEA-nın Fəxri üzvü, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb
Noy 30, 2021 | 07:10 / Mühüm hadisələr
Oxunub 106 dəfə

“Google” axtarış saytının əsas səhifəsi fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən biri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəxri üzvü Lütfi Zadəyə həsr edilmiş dudl hazırlayıb.

Dünyaca məşhur alim, bu gün də elm və istehsalatda geniş tətbiq olunan 6 mühüm nəzəriyyənin banisi, ABŞ-ın Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs, bir çox xarici ölkə akademiyalarının fəxri üzvü, eyni zamanda onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru Lütfi Zadənin nəzəriyyələri bu gün “Mitsubishi”, “Toshiba”, “Hondo”, “Sony", “Canon”, “General Motors” və s. kimi dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq olunur. Dahi alimin nəzəriyyələrindən nəinki istehsalatda, həmçinin psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə və sosiologiyada da istifadə edilir.  

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci yanvar ayının 25-də imzaladığı “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Tədbirlər planına əsasən, il ərzində alimin elmi fəaliyyətinə həsr olunmuş beynəlxalq və respublika səviyyəli konfranslar, dəyirmi masa və seminarlar keçirilib, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi meəssisələrində dərc edilən elmi məcmuələrin xüsusi buraxılışları işıq üzü görüb. Həmçinin FRTEB-in həqiqi və müxbir üzvlərinin ölkə və dünya mətbuatında Lütfi Zadə irsinin təbliği istiqamətində elmi-publisistik əsərləri, müsahibə və çıxışları yayımlanıb.  

Qeyd edək ki, “Google” axtarış sisteminin istifadəçiləri Lütfi Zadəyə həsr edilmiş dudlu klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015