AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
“EaPConnect”in saytında NATO-nun dəstəyilə keçirilən beynəlxalq konfrans haqqında məlumat dərc olunub
Noy 18, 2021 | 16:01 / Mühüm hadisələr
Oxunub 384 dəfə

Xəbər verdiyimiz kimi, 27-29 oktyabr 2021-ci il tarixlərdə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçirilmişdir.

“EaPConnect” saytında bu konfransla bağlı “AzScienceNet “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” seminarına texniki dəstək göstərib” adlı məlumat dərc olunub. Həmin məlumatı təqdim edirik:

“27-29 oktyabr 2021-ci il tarixlərində 16-dan çox ölkədən kibertəhlükəsizlik sahəsində 150-yə yaxın aparıcı ekspertin əsas etibarilə onlayn rejimdə toplaşdığı “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” qabaqcıl tədqiqat seminarı keçirilib. Seminarın əsas məqsədi Azərbaycanda institut və təşkilatların kibertəhlükəsizlik, ilk növbədə, magistratura təhsili və tədqiqat sahəsində bacarıqlarının artırılması üçün səyləri birləşdirmək və stimullaşdırmaq idi. 3 gün davam edən seminar Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Kiber Laboratoriya” layihəsi çərçivəsində baş tutub.

Konfransa AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi texniki dəstək göstərib. Eləcə də tədbir NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı tərəfindən dəstəklənib.

“Bu tədbirdə iki çox mühüm və bir-biri ilə əlaqəli mövzuya toxunulub: kibermüdafiə və dayanıqlılıq. NATO qəbul edir ki, təhlükəsizliyə olan kibertəhdidlər mürəkkəb və dağıdıcıdır, bu təhdidlər güclü olur və tez-tez baş verir. Xüsusilə, sənaye idarəetmə sistemlərinə kiberhücumlar müasir və gələcək münaqişələrin bir hissəsi olub və olacaqdır” - NATO baş katibinin yeni yaranan təhlükəsizlik çağırışları üzrə köməkçisinin müavini Ceyms Appaturay belə deyib.

NATO-nun SPS Bölməsinin rəhbəri Deniz Yüksel Beten tədbirin sonunda təşkilatçılara minnətdarlığını bildirib və iştirakçılara NATO daxilində imkanlar haqqında məlumat verib: “NATO daxilində bir neçə kibertəhlükəsizlik üzrə kurslar, o cümlədən şəbəkə təhlükəsizliyi kursları, kritik infrastruktur təlim kursları mövcuddur ki, onlar da tərəfdaş ölkələr üçün açıqdır”.

AMEA İTİ-nin  direktoru, akademik Rasim Əliquliyev belə bir mühüm tədbirin təşkilində göstərdiyi dəstəyə görə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramına minnətdarlığını bildirib. Onun sözlərinə görə, NATO ilə Elmlər Akademiyası arasında əməkdaşlıq 2003-cü ildə “Virtual İpək Yolu” layihəsi ilə başlayıb.

“Konfransda Sənaye 4.0 inqilabının çağırışları nəticəsində ortaya çıxan internet infrastrukturunun, kiberfiziki sistemlərin, qısaca olaraq əməliyyat sistemlərinin kibertəhlükəsizliyi problemləri müzakirə olunacaq”, - deyə akademik R.Əliquliyev bildirib.

Əsas məruzəçilərdən olan Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Departamentinin rəhbəri Jacek Gajewski “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda çıxış edib. O, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, mövcud proqramlar, maliyyələşdirmə variantları və bu sahədə təşəbbüslər barədə məlumat verib.

Tədbir kibertəhlükəsizlik sahəsində ekspertlərin rəhbərlik etdiyi, 10 ölkədən olan 70-dən çox məruzəçinin iştirakı ilə 7 sessiyadan ibarət olub. AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin  rəhbəri Babək Nəbiyev və GÉANT-ın kibertəhlükəsizlik üzrə rəhbəri Alf Moens iki sessiyaya sədrlik ediblər. Onlar həmçinin “Sənaye idarəetmə sistemlərində kiber-fiziki infrastrukturlar üçün kompüter insidentlərinin tədqiqi ICS/PLC üçün rəqəmsal məhkəmə ekspertizası” və “Kritik Avropa İT infrastrukturlarının kibertəhlükəsizliyi: GEANT və Tədqiqat və Təhsil Şəbəkələri” mövzularında çıxış ediblər.

3 gün davam edən tədbirdə Avstriya, Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, Polşa, Hollandiya, İsveç, Türkiyə, Kanada, ABŞ, Cənubi Afrika Respublikası, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak edib”.

eapconnect.eu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015