AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik Asəf Hacıyev: Vətən müharibəsində Qələbənin qazanılmasında mənəvi xüsusiyyətlər də böyük rol oynadı
Okt 11, 2021 | 16:46 / Müsahibələr, çıxışlar
Oxunub 55 dəfə

Qırx dörd gün davam edən Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan Prezidenti və dövləti tərəfindən uzun illər həyata keçirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Burada müzəffər Ordumuzun, Azərbaycan xalqının qəhrəmanlığı mühüm rol oynadı. O günlər xalq bir idi, insanlar bayraqlarla küçələrə axın edirdi. Çünki bu, bir nəfərin və ya bir şəhərin deyil, bütün xalqın mübarizəsi idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev ifadə edib.

Bu Qələbənin qazanılmasında mənəvi xüsusiyyətlərin də böyük rol oynadığını vurğulayan akademik deyib: “Bilirsiniz ki, torpaqlarımız 30 ilə yaxın dövrdə ermənilərin işğalı altında idi. Lakin bu Zəfər göstərdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın bir qarış torpağının kiməsə verilməsi ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bu Qələbə Azərbaycan xalqına inam gətirdi. Bizim qədim tariximiz, mədəniyyətimiz var və Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bütün bu amillər imkan verdi ki, Azərbaycan müharibədə Qələbə çalsın”.

Ölkəmizin azad edilmiş ərazilərdə qısa müddətdə bərpa-quruculuq işlərinə start verdiyini bildirən akademik deyib: “Çünki biz digərlərindən fərqli olaraq, dağıdıcı deyil, yaradıcı xalqıq. Baxın, Zəfərdən ötən bu qısa zaman ərzində dövlətimiz tərəfindən Qarabağda necə böyük işlər görülüb. Yeni hava limanı inşa olunub, daha ikisinin inşası aparılır, magistral yollar, dəmir yolları çəkilir və sair. Bu da xalqımızın mədəniyyətinin təzahürüdür. Bu şanlı Zəfər münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, belə düşünülmüş və müdrik siyasət digər ölkələrin xalqları və siyasi xadimləri üçün çox gözəl nümunədir”.

 

AZƏRTAC

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015