AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
İnformasiya Texnologiyaları İnstitutunda magistrantların attestasiyası keçirildi
Okt 11, 2021 | 11:26 / Konfranslar, iclaslar
Oxunub 45 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, seminarın institutun magistrantlarının attestasiyasına, onların elmi fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunduğunu diqqətə çatdırdı.

Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması və hesabatların hazırlanmasının vacibliyini vurğulayaraq, elmi rəhbərlərə magistrantlarla fəal iş aparmağı, onların qarşısına konkret vəzifələr qoymağı tövsiyə etdi. Qeyd etdi ki, əsas məqsəd magistrantların elmi fəaliyyətini koordinasiya etmək və institutda aparılan tədqiqatların keyfiyyətini artırmaqdır.

İnstitutun magistrantı Leyla Məmmədova çıxış edərək, “Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli təhlili” adlı dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işinin məqsədi verilənlərin analizi sahəsində geniş imkanlara malik olan Python proqramlaşdırma dilinin öyrənilməsi, klasterləşdirmə metodlarının, klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması, eləcə də Python mühitində verilənlər çoxluğu üzərində bəzi klasterləşdirmə alqoritmlərinin eksperimental nəticələrinin qiymətləndirmə indeksləri vasitəsilə müqayisəli analiz edilməsidir.

L.Məmmədova dissertasiya işinin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu nəzərə çatdırdı.

Digər magistrant Qurban Fərəcov “Kiber-fiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokollarının tədqiqi” mövzusunda dissertasiyanı təqdim edərək, işin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi.

“Kiber-fiziki sistemlər paylanmış sistemlərdir, bəzi sistemlər coğrafi olaraq yüzlərlə kilometr məsafəyə yayıla bilərlər. Buna görə kiber-fiziki sistemlərdə perimetrin müdafiəsi paradiqmasını həyata keçirmək mümkün deyil. Belə sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsində birinci müdafiə xətti autentifikasiya texnologiyalarıdır. Lakin ayrılıqda götürülmüş autentifikasiya texnologiyalarının təhlükəsizliyi (dəqiqliyi) yüksək praktiki tələbləri qarşılamır. Bu səbəbdən müxtəlif protokollardan istifadə etmək lazım gəlir və bu da öz növbəsində yeni problemlər doğurur”, ─ deyə bildirən Q.Fərəcov mövzunun aktuallığını önə çəkdi. Qeyd etdi ki, dissertasiya işinin məqsədi müxtəlif kriptoqrafik autentifikasiya protokollarının analizi, reallaşdırılması və onların kiber-fiziki sistemlərdə istifadəsi üçün tövsiyələrin işlənməsidir.

Magistrant Fuad Əhmədov “Kibercinayətlərin aşkarlanması üçün loq-faylların intellektual analiz metodlarının tədqiqi” dissertasiya mövzusunun aktuallığından söz açaraq bildirdi ki, hazırda informasiya texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etməsi və xüsusilə son dövrlərdə Covid-19 pandemiyası ilə əlaqədar yaranmış yeni reallıqlar qarşısında ənənəvi olan həllərin rəqəmsal versiyasının tətbiq olunması zərurəti meydana gəlmişdir. Həmin reallıqlara IV Sənaye İnqilabının gətirdiyi texnoloji yenilikləri də aid etmək olar. Bütün bunlarla əlaqədar olaraq, rəqəmsal mühitdə bədniyyətli əməllərin daha da geniş vüsət almasının şahidi oluruq. Bu baxımdan təhdidlərin mənbəyinin tapılması, şübhəli şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə kibercinayətlərin aşkarlanması üçün mübarizə vasitələrinin öyrənilməsi və inkişaf etdirilməsi vacibdir.

Məruzəçinin sözlərinə görə, dissertasiya işinin məqsədi bu təhdidləri generasiya edən proqram və ya vasitələrin yaradılmasında, eləcə də tətbiq olunmasında iştirak edən bədniyyətlilərin müəyyən olunması üçün həll yolunun tapılması, operativliyin yüksəldilməsi, insan faktorunun minimallaşdırılması və yeni təhdidlərə uyğun reaksiyanın verilməsi üçün bu prosesin tam və ya qismən intellektuallaşdırılmasıdır.

O, dissertasiya işinin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 2 məqalənin çap edildiyini, 1 məqalənin hazırlandığını bildirdi.

Magistrant Fərid Alışanov “E-dövlətin idarə olunmasının qabaqcıl modellərinin tədqiqi” mövzusunda dissertasiya işinin strukturu, mövzunun aktuallığı və qarşıya qoyulmuş məsələlər haqqında məlumat verdi. Qeyd etdi ki, tədqiqat işinin məqsədi e-dövlətin idarə olunmasının qabaqcıl modellərinin müqayisəli analizi və qiymətləndirilməsidir.

O, dissertasiya işinin giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində məqalələrin hazırlandığını qeyd etdi.

Hər bir magistrantın dissertasiya işinə dair elmi rəhbəri də çıxış edərək, gənc tədqiqatçının şəxsi keyfiyyətləri, onun tədqiqat aparma bacarığı, elmi iş çərçivəsində görülən işlər haqqında məlumat verdi.

Sonda dissertasiya işləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015