AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Tanınmış alim, görkəmli elm və təhsil xadimi
Okt 11, 2021 | 10:52 / Müsahibələr, çıxışlar
Oxunub 43 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Cumayıl oğlu Mərdanovun 75 yaşı tamam olur. Öz yorulmaz zəhməti, bacarığı, yüksək idarəetmə qabiliyyəti ilə adını ölkəmizin elm və təhsil tarixinə silinməz hərflərlə yazmış Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın ermənilərin “İcevan” adlandırdığı Karvansara rayonunun Göyərçin kəndində müəllim ailəsində dünyaya gəlmişdir. 1953-cü ildə ailə qonşu Salah kəndinə köçdüyünə görə, 1954-cü ildə həmin kənddə birinci sinfə getmişdir. Yeddiillik təhsilini Salah kənd məktəbində, orta təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kəndində almış, 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə 49 nömrəli orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuşdur.

Tələbəlik illərində istedadı, zəhmətsevərliyi və yüksək erudisiyası ilə fərqlənən Misir Mərdanov dərs əlaçısı ol­maqla yanaşı, III kursdan başlayaraq elmi işlərə böyük maraq göstərmişdir. Həmin illərdə ADU-da tanınmış riyaziyyatçı alim, Diferensial və inteqral tənliklər kafed­rasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun rəhbərliyi ilə “Optimal idarəetmənin riyazi üsulları” adlı elmi seminar fəaliyyət göstərirdı. Fakültənin gənc alimləri se­minarın fəal iştirakçıları idilər. Tələbələr aşağı kurslarda əsas fənlərdən zəruri biliklərə yiyələndikdən sonra III kursda öz istəklərinə uyğun olaraq, elan olunmuş ix­tisaslar üzrə qruplara bölünürdülər. Misir Mərdanov tərəddüd etmədən III kursdan başlayaraq “Optimal idarəetmənin riyazi üsulları” ixtisasını seçmiş və gələcək taleyini bu sahəyə bağlamışdır. Üç il ərzində bu ixtisas üzrə professor Qoş­qar Əhmədovdan və onun yetirmələri – fizika-riyaziyyat elmləri namizədləri Kazım Həsənov və Məmməd Yaqubovdan dərs alan Misir Mərdanov ilk elmi uğurlarına imza ataraq yüksək səviyyəli diplom işi ərsəyə gətirmişdir.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Misir Mərdanov təyinatla H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutun­da əmək fəaliyyətinə başlamışdır. Üç ay müddətində həmin institutun Riyazi analiz kafedrasında baş laborant vəzifəsində işləyən Misir Mərdanov həmin ilin dekabrında arzularının qanadında yenidən Bakıya qayıtmış və ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiran­turasına qəbul olunmuşdur. O, 1970-ci ildən professor Qoşqar Əhmədov və dosent Kazım Həsənovun rəhbərliyi ilə elmi-tədqiqat işlərinə başlayır. Aspiran­turada oxuduğu illərdə həm də pedaqoji fəaliyyətlə məşğul olaraq Mexanika-riya­ziyyat fakültəsinin tələbələrinə “Diferensi­al tənliklər” fənnindən dərs deyir.

Aspiranturanı uğurla başa vuran Misir Mərdanov 1973-cü ildə ADU-nun Müdafiə Şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzu­sunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ilin sentyabrında SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülür.

1973–1980-ci illərdə Mexanika-riya­ziyyat fakültəsinin Həndəsə kafedrasın­da assistent, baş müəllim kimi “Analitik həndəsə” və “Diferensial həndəsə” fənlərindən, Diferensial tənliklər kafedra­sında isə ixtisas kursundan mühazirələr oxumuş, seminar məşğələləri aparmış, 1981-ci ildə dosent elmi adını almışdır. 1978–1989-cu illərdə universitetin ən böyük fakültəsi olan Mexanika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1980–1989-cu illərdə Diferen­sial tənliklər kafedrasının dosenti kimi “Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları” fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır.

Təşkilati və pedaqoji fəaliyyətlə yana­şı, elmi araşdırmalarını da davam etdirən Misir Mərdanov 1989-cu ilin martında Ukrayna SSR Elmlər Akademiyasının Ri­yaziyyat İnstitutunda “Gecikməyə malik, məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq disser­tasiyası müdafiə etmiş, noyabr ayında isə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim iki ildən sonra Bakı Dövlət Universitetinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru vəzifəsinə seçil­mişdir.

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən başlayaraq dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən Misir müəllimin karyerasında ciddi dəyişikliklər baş vermiş, müxtəlif dövlət vəzifələrində ləyaqələ, şərəflə çalışaraq pillə-pillə ucalmış, Azərbaycanda elm, təhsil və pedaqoji kadr hazırlığına dəyərli töhfələr vermişdir. 1989–1991-ci illərdə Xalq Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Xalq təhsili nazirinin mü­avini, 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin I prorektoru vəzifəsində işləmişdir. 1996 –1997-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Misir Mərdanov 1997–1998-ci illərdə universitetin rektoru vəzifəsində işləmişdir. Həmin müddətdə onun təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq universitetdə “Heydər Əliyev Məktəbi” və “Heydər Əliyev Muzeyi” yara­dılmış, universitetin maddi-texniki bazası möhkəmləndirilmiş, şəffaf, demokratik mühit formalaşmış, bakalavr və magistr hazırlığına başlanmış, elm və təhsilin keyfiyyətinə diqqət artırılmışdır.

1998–2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləyən professor Misir Mərdanovun adı Azərbaycan təhsil tarixinə böyük elmi səriştəyə və təcrübəyə, müasir təfəkkürə malik, yeniləşməyə nail olmaqda israrlı, informasiya cəmiyyəti ideyalarının daşı­yıcısı olan təhsilşünas alim və islahatçı nazir kimi düşmüşdür. Həmin illərdə təhsil sahəsində aparılan islahatları yüksək qiymətləndirən Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyev demişdir: “Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır.”

30 mart 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Res­publikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının sədri təyin olunan professor Misir Mərdanov bütün səylərini təhsil üzrə Prezident tərəfindən təsdiq edilmiş on altı dövlət proqramı­nın həyata keçirilməsinə yönəltmişdir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud vəziyyətin təhlili əsasında hazırlanmış bu proqramların reallaş­dırılması nəticəsində Azərbaycanda təhsil infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, “Azərbaycan Respublika­sında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” təsdiq olunmuş, yeni dərslik siyasəti həyata keçirilmiş, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edil­miş, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatı yaxşılaşdırılmış, təhsil müəssisələri informasiya-kommu­nikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqla­rın təhsilinin təşkili və digər sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuş, əldə edilən maddi kapital insan kapi­talının inkişafına yönəldilmişdir. Məhz bu illərdə büdcə vəsaiti hesabına yeni təhsil-tərbiyə müəssisələrinin tikilməsi və ya əsaslı təmiri böyük vüsətlə həyata keçirilmişdir. Həmin müddətdə Azərbaycan müəllimlərinin XI (1998), XII (2003), XIII (2008) qurultaylarının təşkili və keçirilməsi Misir müəllimin adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır.

Prezident sərəncamları ilə ona verilən səlahiyyətlərə uyğun olaraq, müxtəlif dövlət, hökumət və beynəlxalq təhsil qurumları ilə Azərbaycan Hökuməti adından müqavilələr imzalayan Misir Mərdanov təhsil sistemi, ümumi təhsilin standartları və tədris proqramlarının hazırlanması təcrübəsi ilə tanış olmaq məqsədilə ABŞ, Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Çin, Almaniya, İsveç, Finlandiya, Şimali İrlandiya, Latviya, Fransa, İtaliya, Yaponi­ya, Cənubi Koreya, Malayziya, Gürcüstan və b. ölkələrdə işgüzar səfərlərdə olmuş, Parisdə UNESCO-nun təşəbbüsü ilə Mir Cəlal Paşayevin 110 illiyinə həsr edilmiş tədbirdə nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

1998-ci ildə Prezident Heydər Əliyevin 1970–1982-ci illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış azərbaycanlı tələbələrlə görüşündə professor Misir Mərdanov geniş məruzə ilə çıxış etmişdir.

Prezidentin sərəncamı ilə müxtəlif tarixi şəxsiyyətlərin və təşkilatların yubileylərinin keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitələrinin tərkibinə daxil edilən professor Misir Mərdanov ge­niş ictimai-siyasi və elmi-mədəni fəaliyyəti ilə fərqlənmişdir.

2013-cü ilin may ayının əvvəlindən professor Misir Mərdanovun tərcümeyi-halına yeni bir ünvan – Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Me­xanika İnstitutu yazılıb. 8 ildir ki, o, həmin institutun direktoru vəzifəsində uğurla çalışır. Onun rəhbərliyi ilə institut qısa bir zaman kəsiyində yeni elmi uğurlar, beynəlxalq əməkdaşlıq sahəsində ciddi nailiyyətlər qazanmışdır. Professorun təşəbbüsü və təşkilatçılığı ilə 2019-cu ilin oktyabrında institutun 60 illik yubile­yi münasibəti ilə dünyanın 20-dən çox ölkəsindən gəlmiş görkəmli alimlərin işti­rakı ilə beynəlxalq konfrans keçirilmişdir.

Professor Misir Mərdanovun Riya­ziyyat və Mexanika İnstitutuna rəhbərliyi dövründə institutda hazırlanan və ingilis dilində çap olunan dörd jurnaldan üçü -“Azərbaycan riyaziyyat jurnalı”, “Riya­ziyyat və Mexanika İnstitutunun elmi əsərləri” və “AMEA-nın xəbərləri” (riyaziy­yat seriyası) dünyanın tanınmış elmmetrik bazalarından biri olan “Scopus”da impakt faktor almış, birinci iki jurnal isə dünya­nın ən nüfuzlu elmmetrik bazası olan “Clariveyti Analitiks”də impakt faktoru qazanmışdır.

Elmi uğurlarına görə professor Misir Mərdanov 2000-ci ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ildə Rusiya Təhsil Aka­demiyasının xarici üzvü, 2014-cü ildə Rusiya Beynəlxalq Pedaqoji Akademiya­nın (Moskva) akademiki, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, 2011–2014-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.

Professor Misir Mərdanovun ölkəmizdə riyaziyyatçı alimlərin və riya­ziyyat müəllimlərinin bütöv bir nəslinin yetişdirilməsində xüsusi xidmətləri vardır. O, 1996-1998-ci illərdə riyaziyyat ixtisası üzrə BDU-nun nəzdindəki doktorluq dis­sertasiyası üzrə Müdafiə Şurasının sədri olmuş, 2015-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının sədri təyin edilmişdir.

Professor Misir Mərdanov ayrı-ayrı vaxtlarda “Təhsil xəbərləri” (2007–2013), “Kurikulum” (2008–2013) və “Ali təhsil və cəmiyyət” (2012–2013) jurnallarının baş redaktoru olmuşdur. 2015-ci ildən “Nati­onal Academy of Sciences of Azerbaijan PROCEEDİNGS of the institute of Mathe­matics and Mechanics” jurnalının baş re­daktorudur. 2014-cü ildən “Чебышевский сборник” jurnalının, “TWMS journal of Aoolied Mathematics”, “Azerbaijan journal of mathematics”, “Azərbaycan Milli Elmlər Akademiyası xəbərlər” (Fizika-riyaziyyat elmləri seriyası, riyaziyyat buraxılışının) jurnallarının redaksiya heyətinin üzvüdür.

Onun ictimai-siyasi və elmi-peda­qoji fəaliyyəti dövlət tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycan Respub­likası Prezidentinin fərmanı ilə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına (2000), “Qızıl qələm” media mükafatına (2001), Dağıs­tan Respublikası ilə Azərbaycan Respub­likası arasında elmi əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Dağıstan Res­publikasının Əməkdar elm xadimi” fəxri adına (2011) layiq görülmüşdür. 2006-cı ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respubli­kası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni, 2019-cu ildə Azərbaycan Respub­likası Təhsil nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilmişdir.

Professor Misir Mərdanov çoxcəhətli yaradıcılıq kredosuna malik alimlərdəndir. Uzun müddət müxtəlif dövlət vəzifələrində çalışsa da, ciddi şəkildə elmi-pedaqoji yaradıcılıqla məşğul olmuşdur. Onun elmi yaradıcılığında aşağıdakı istiqamətlər aparıcı rol oynayır:

– optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı;

– qeyri-lokal sərhəd şərtli məsələlərin həllinin varlığı və yeganəliyinin tədqiqi;

– universitetlərin reytinqinin müəyyən edilməsi;

– riyazi təhsilin məzmunu problemi;

– riyazi təhsilin tarixi;

– təhsilin nəzəri və tarixi problemləri;

– pedaqoji və ictimai-siyasi publisis­tika.

Professor Misir Mərdanovun yaradıcı­lığında ictimai-siyasi məzmunlu məqalələr də xüsusi yer tutur. Bu istiqamətli yazı­larda ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinin bütün aspektlərinə, xüsusilə təhsilin inkişafı ilə bağlı xidmətlərinə işıq salınır, ümummilli lider müasir inkişafımı­zın memarı, müstəqillik konsepsiyasının müəllifi, azərbaycançılıq ideologiyasının banisi kimi təqdim edilir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov zəngin yaradıcılığı, çoxşaxəli və innovativ fəaliyyəti, yüksək insani keyfiyyətləri, idarəetmə bacarığı ilə sayılıb-seçilən ziyalıdır. O, ömrünün müdriklik zirvəsindən dönüb arxaya ba­xanda fəxr etməyə, qürurlanmağa mənəvi haqqı olan insandır, çünki Allahın bəxş etdiyi ömrü ləyaqətlə yaşayıb, dövlətə və millətə sədaqətlə xidmət edib.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovu yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can­sağlığı və xoşbəxtlik, tükənməz həyat enerjisi, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Yusif MƏMMƏDOV,

AMEA-nın həqiqi üzvü,

BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru,

professor, Əməkdar elm xadimi,

 Fərrux RÜSTƏMOV, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

"Xalq qəzeti"

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015