AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
FRTEB-in Ümumi yığıncağı AMEA-nın müxbir üzvü Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə Rəyasət Heyəti qarşısında vəsatət qaldırıb
Okt 03, 2021 | 07:00 /
Oxunub 496 dəfə

Oktyabrın 3-də tanınmış alim, Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) müxbir üzvü Misir Mərdanovun 75 yaşı tamam olur.

Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistan Res­pub­likasının Göyərçin kəndində anadan olub.

1969-cu ildə Azərbaycan Döv­lət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən alim əmək fəaliyyətinə Gən­cə Dövlət Pedaqoji İnstitutunda başlayıb.

Misir Mərdanov 1973-cü ildə fəlsəfə doktoru, 1989-cu ildə elmlər doktoru elmi dərəcəsini, 1981-ci ildə do­sent elmi adını alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru, 2021-ci ildən baş direktorudur.

Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyarın elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zə­ru­ri şərtlərin alınmasına həsr edilib. O, geniş sinif müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə mə­sə­lə­lə­ri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işləyib.

Həmçinin gecikən ar­qu­­mentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zə­ruri şərtlər isbat edib, diskret sistemlərlə xarakterizə olunan daha geniş si­nif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edib, da­ha səmərəli metod işləyib, onların tətbiqi ilə optimallıq üçün daha güclü bi­rin­ci və yüksək tərtib zəruri şərtlər alıb.

Bundan başqa, Misir Mərdanov idarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə op­ti­mal­lıq üçün Kel­li, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı, disk­ret tən­lik­lər­lə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərt­ləri,  Pontrya­gi­nin maksimum prinsipinin yeni diskret analoqonu və ikinci tər­tib çoxnöqtəli zə­ruri şərtlər alıb. Eyni zamanda funksionalın sıfırıncı, bi­rinci və ikinci tər­tib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv op­ti­mallıq şərtləri, həmçinin klassik variasiya məsələlərində güc­lü exstremum üçün yeni zəruri və kafi şərtlər isbat edib. 

150 elmi əsərin, 5 monoqrafiya, 20 dərs­lik və dərs vəsaitinin, ölkənin görkəmli şəx­siy­yət­ləri ilə bağ­­­lı 64 məqalə, “Azərbaycan təhsil ta­rixi” dörd­cild­liyi, “1920-ci ilə­dək ali məktəblərdə oxu­muş Azər­­bay­can­lılar” çoxcildliyi, həmçinin təh­sillə bağ­lı 10 ki­ta­b və 120 mə­qa­lə­­nin müəllifidir. Rəh­bər­liyi ilə 2 elm­lər dok­to­ru və 7 fəlsəfə doktoru ha­zır­lanıb.

Onlayn tədbirdə çıxış edən FRTEB-in həqiqi və müxbir üzvləri Misir Mərdanovun elmi və elmi-təşkilati, pedaqoji fəaliyyətini yüksək dəyərləndiriblər. Yubilyara səmimi təbriklərini və xoş arzularını çatdırıblar.

Sonra FRTEB-in Ümumi yığıncağı Misir Mərdanovun 75 illik yubileyinin keçirilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması üçün müvafiq qərar qəbul edib.

AMEA-nın müxbir üzvü, tanınmış alim Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015