AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Şamaxı Astrofizika Rəsədxanasında Anım Günü tədbiri keçirilib
Sen 27, 2021 | 15:37 / Konfranslar, iclaslar
Oxunub 98 dəfə

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncağı rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, ordumuzun dərsliklərə düşəcək zəfər salnaməsinə gedən şərəfli döyüş yolundan danışıb. Alim qeyd edib ki, döyüş sadəcə cəbhədə getməyib. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan bu mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, informasiya mübarizəsində tarixi faktlarla düşmən dezinformasiyasını ifşa edən gənclərimiz, bütövlükdə Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımız da həmin döyüşlərin iştirakçısı olub.

Namiq Cəlilov bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası kollektivi olaraq müharibə dövründə Silahlı Qüvvələr Fonduna ianə edilib, ordumuza nəqliyyat dəstəyi göstərilib, münaqişə ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilərək 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlandırılıb, münaqişənin real aspektləri onların diqqətinə çatdırılıb.

Daha sonra tədbirdə rəsədxana əməkdaşları da çıxış edərək Anım günü ilə bağlı təəssüratlarını bölüşüblər. Gənclərin vətənpərvər ruhda yetiştirilməsi üçün bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirə Şamaxı rayonu Şəhidlər xiyabanı ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən şəhid məzarları üzərinə tər çiçəklər qoyulub.

Tədbirdən sonra rəsədxana əməkdaşları və sözügedən müəssisənin Həmkarlar Komitəsinin nümayəndələri Şamaxı rayonunda olan şəhid və qazi ailələrini ziyarət edərək onlara ərzaq yardımı edib. Həmçinin Vətən Müharibəsi iştirakçısı olmuş ŞAR əməkdaşlarına Anım Günü ilə əlaqədar maliyyə yardımı edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015