AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Sen 27, 2021 | 16:35 / Konfranslar, iclaslar
Oxunub 103 dəfə

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Fizika İnstitutunda Anım Gününə həsr edilmiş stend nümayiş olunub.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan yığıncağı AMEA-nın akademik-katibi, institutun baş direktoru, akademik Arif Həşimov açaraq Azərbaycan xalqının bu haqq savaşında cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. Qeyd edib ki, məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı, müəyyənləşdirdiyi strategiya və taktika ilə ordumuz tərəfindən torpaqlarımız düşmən işğalından azad olundu. Akademik Arif Həşimov şəhidlərimizin qanı bahasına qazandığımız qələbəni gələcək nəsillərə ötürməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Baş direktor, həmçinin Fizika İnstitutunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün görülən işlərdən də bəhs edib. Diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlardan biri müəssisənin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovanın şəhidlərimizə həsr olunmuş “Fatehlər” kitabının nəşr edilməsidir.

Daha sonra A.Həşimov kitabın müəllifi Suma Hüseynovaya söz verib. Suma Hüseynova çıxışında 27 sentyabr tarixinin həm kədərli, həm də qürurlu gün olduğunu, Azərbaycanın bütün bölgələrindən olan vətənpərvər oğullarının yeganə amalının ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu və bu yolda canlarından keçdiklərini söyləyib.

Tədbir Suma Hüseynovanın hazırladığı təqdimatla davam edib.

İnstitutun Həmkarlar İttifaqının sədri Sitarə Bağırova isə qeyd edib ki, bu gün Qarabağın azad olunmasına görə şəhidlərimizə, qəhrəman oğullarımıza borcluyuq.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Sonra Fizika İnstitutunun rəhbərliyi və kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015