AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimlər Günəş tacının qızması və küləyin generasiyası probleminin həlli yolunda mühüm nəticə əldə ediblər
Sen 17, 2021 | 14:20 / Yeni nəşrlər
Oxunub 68 dəfə

N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Nurməmmədovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu “Journal of Applied Mathematics and Physics  jurnalının 2021-ci il  üçün  (Volume  9, No  6) buraxılışında nəşr edilib.

“Application of the Method of Non-Classical Approach to Certain Problems of the Theory of Anisotropic Space Plazma in Fluid Description” (“Maye yaxınlaşmasında anizotrop kosmik plazma nəzəriyyəsinin bəzi problemlərinin həllində qeyri klassik riyazi metodun tətbiqi”) adlı məqalədə Günəşdən stasionar radial plazma axını (Günəş küləyi) məsələsinə baxılıb. Maqnit sahəsinin istiqamətinə nəzərən plazmanın anizotropluğu və axın boyunca istilik seli nəzərə alınaraq 16 momentli MHD (maqnit hidrodinamik) tənliklər sistemi əsasında qoyulan məsələnin model tənlikləri alınıb. Baxılan məsələ izotrop plazma axını üçün klassik Parker modelinin anizotrop hal üçün ümumiləşməsidir və yeni məsələdir. Alınmış model tənlikləri üç tənlikdən ibarət avtonom olmayan, qeyri xətti, cırlaşmış sinqulyar adi diferensial tənliklər sistemidir. Məsələnin qoyuluşuna görə tənliklər sisteminə daxil olan sabitlər elə tapılmalıdır ki, cırlaşma və sinqulyarlıq mümkün həll oblastında korrekt sərhəd şərtlərini və onun həllərini tam təmin etmiş olsun.

Məlumdur ki, təbiətinə görə bu cür məsələ həll olunmayan məsələlər sinfinə aiddir. Lakin qeyri klassik yanaşma ilə stasionar halda diferensial tənliklər sistemi üçün sabitlər cırlaşma və sinqulyarlıqdan tapılıb başlanğıc şərtəri  təyin edilməklə  məsələnin  həlli korrekt  şəkildə təmin  olunub. Məsənin həlli üçün M.V.Keldış nəzəriyyəsindən stasionar halda istifadə edilərək “epsilon“ requlyarlaşdırma, tərpənməz nöqtə nəzəriyyəsi və aprior qiymətləndirmə köməyi ilə məsələnin həllinin varlığı, yeganəliyi isbat edilib, həmçinin baxılan diferensial tənliklər sisteminin inteqrallanan olması haqqında kafi şərti ifadə edən teorem isbat edilərək, məsələnin analitik həlli ümümi şəkildə tapılıb. Bu analitik həllər ailəsinə Parker həlli də xüsus hal kimi daxildir. Məsələnin həlləri isə ədədi təsvir olunmaqla, Parker ümumləşmiş modelinin uyğunluğunu, yəni  tamamilə invariantlığını saxlayır. Bu cür məsələ qoyuluşuna astrofizikada ilk dəfə olaraq baxılıb və bütün yanaşmalar da ilk tətbiqə malikdir. Bu həll olunmayan sinifə daxil olan məsələnin öz həllini tapması gələcəkdə astrofizikanın klassik problemlərindən sayılan Günəş tacının qızması və küləyin generasiyası kimi problemin çözülməsində mühüm addım ola bilər.

Qeyd edək ki, bu sahədə artıq müəlliflər tərəfindən yeni tədqiqatlara  başlanılıb və müvəffəqiyyətlə davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015