AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Sen 15, 2021 | 09:10 / Konfranslar, iclaslar
Oxunub 80 dəfə

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri, eləcə də dəvət olunmuş qonaqlar iştirak ediblər.

İclası qurumun baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdəki məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. Əvvəlcə Ə.Abbasov uzun illər müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş mərhum alim Oqtay Nüsrətovun yaradıcılığının işıqlandırılması ilə bağlı müvafiq tapşırıqlarını səsləndirib və professorun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ə.Abbasov gündəlikdəki ilk məsələ olan “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” AMEA Rəyasət Heyətinin 9 və 27 iyul 2021-ci il tarixli müvafiq qərarlarının əsas müddəaları və onlardan irəli gələn məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra akademik AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr haqqında” 9 iyul 2021-ci il tarixli qərarı barədə müəyyən müddəaları nəzərə çatdıraraq bildirib ki, qəbul olunan sənəddə ölkəmizin inkişafı və xalqımızın rifahının daha da yüksəldilməsi ilə bağlı AMEA-nın elmi müəssisələrinin, o cümlədən İSİ-nin qarşısında duran mühüm vəzifələr öz əksini tapıb.

Müasir dövrdə elmin əhəmiyyətli rolunu vurğulayan alim ölkə başçısının sərəncamlarına əsasən innovativ inkişaf məkanının yaradılması, inklüziv cəmiyyət, IV Sənaye inqilabının çağırışlarına müvafiq olaraq süni intellektdən bir çox problemlərin həllində səmərəli istifadə, elm və təhsilin inteqrasiyası və s. məsələlərin həllində AMEA-nın, o cümlədən İSİ-nin yaxından iştirak etdiyini, bu sahədə mühüm əməkdaşlıqların qurulduğunu bildirib. Ə.Abbasov, həmçinin ordu quruculuğuna müasir elmi yanaşma, azad olunmuş torpaqlarımızda yenidənqurma və inkişaf, təbii ehtiyatların qorunması və seysmik tədqiqatların aparılmasının önəmini qeyd edərək bu sahədə gələcək prioritetlərdən bəhs edib.

Sonra qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə veriləcək təkliflər səsə qoyularaq müvafiq qərarlar qəbul olunub.

Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov AMEA-nın Elm, Təhsil və Texnologiya Problemləri üzrə Elmi Şurasının 2021-2022-ci illər üçün iş planına dair təkliflər haqqında çıxış edib. O, müasir dövrün tələblərinə cavab verən elmi istiqamətlərin müəyyənləşdirilməsi və AMEA-nın maddi-texniki və kadr potensialının həmin istiqamətlərdə aparılan tədqiqatlara səfərbər edilməsi baxımından sözügedən şuranın önəmini vurğulayıb.

Ə.Sadıqov şuranın fəaliyyət planına dair İSİ alimlərinin irəli sürdüyü aktual mövzuları iclas iştirakçılarının diqqətinə çatdırıb. Mövzular ətrafında aparılan geniş müzakirələrdə AMEA-nın müxbir üzvləri Ağası MəlikovKamil Aydazadə, riyaziyyat elmlər doktoru İlqar Məmmədov, dosent Ədalət Paşayev və başqaları iştirak ediblər. Sonda 4 mövzunun şuraya təqdim olunması barədə qərar verilib.

Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru  Sevinc Quliyeva institutun fəlsəfə doktoru proqramı üzrə dissertanturasına və elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul haqqında çıxış edərək müəssisəyə ayrılmış plan yerləri, keçirilmiş imtahanlar, iddiaçıların dissertasiya mövzuları və elmi rəhbərləri barədə danışıb. Müzakirələrdən sonra iddiaçıların qəbul olunması barədə AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

İclasda akademik Əli Abbasov institutda sağlam rəqabət mühitinin yaradılmasının, məhsuldar çalışan alimlərin daha da həvəsləndirilməsinin vacibliyini vurğulayıb. O, elmi laboratoriyaların və əməkdaşların fəaliyyətinin əlavə stimullaşdırılması üçün meyarların müəyyənləşdirilməsi məqsədi ilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun sədrliyi ilə ekspert qrupunun yaradılmasını təklif edib və müvafiq qərar qəbul olunub.

Gündəlikdəki digər məsələ ilə bağlı müəssisənin elmi katibi Zəhra Əzizova çıxış edərək İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru  Aygün Əliyevanın nəşrə hazırladğı “Azərbaycan Respublikasının sənaye sektorunda istehsal xidmətlərinin təşkilinin əsas istiqamətləri” adlı monoqrafiyası haqqında tədbir iştirakçılarına məlumat verib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərar qəbul edilib.

İclasda, həmçinin institutun fəlsəfə doktoru proqramı üzrə doktoranturasının əyani şöbəsində təhsil alan Gülüş Nabadovanın qiyabi şöbəyə keçirilməsi məsələsinə baxılıb və müvafiq qərar verilib.

Sonda akademik Əli Abbasov iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi üçün müəyyən tapşırıqlarını səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015