AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik Təyyar Cəfərovun biblioqrafik göstəricisi işıq üzü görüb
Sen 13, 2021 | 15:46 / Yeni nəşrlər
Oxunub 34 dəfə

AMEA-nın Fizika İnstitutunun laboratoriya rəhbəri, “Şöhrət” ordenli alim, akademik Təyyar Cəfərovun “Azərbaycanın elm xadimləri” seriyası çərçivəsində biblioqrafik göstəricisi nəşr olunub.

Əsərdə tanınmış alimin həyatı və elmi fəaliyyətinin əsas tarixləri, elmi və elmi-təşkilati fəaliyyəti haqqında qısa xülasə, eləcə də əsərlərinin biblioqrafiyası Azərbaycan, rus və ingilis dillərində oxuculara təqdim olunur.

Nəşrin tərtibatçısı Elxan Cəfərovdur.

Qeyd edək ki, Cəfərov Təyyar Cümşüd oğlu 18 iyul 1939-cu ildə Bakı şəhərində anadan olub. O, 1956-ci ildə 134 nömrəli orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirdikdən sonra 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna işə göndərilib. Elə həmin il SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində (indiki Sankt-Peterburq) yerləşən Yarımkeçiricilər İnstitutunun aspiranturasına daxil olub. Burada T.Cəfərov Diffuziya prosesləri laboratoriyasının müdiri, professor B.İ.Boltaksın rəhbərliyi ilə, “Xarici və daxili elektrik sahələrinin yarımkeçiricilərdə diffuziyaya təsiri” mövzusunda namizədlik dissertasiyasını işləyib və 1965-ci ildə SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunun ixtisaslaşdırılmış şurasının iclasında müdafiə edib.

Dissertasiya müdafiə etdikdən sonra professor B.İ.Boltaksın təklifi və SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutunun direktoru professor A.R.Regelin dəstəyi ilə yarımkeçirici strukturlarda diffuziya hadisələrinin tədqiqi ilə əlaqədar başlanmış işin davamı üçün T.Cəfərov Yarımkeçiricilər İnstitutuna işə qəbul edilib. O, SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutunda (1961-1972) və daha sonra SSRİ Elmlər Akademiyasının A.F. İoffe adına Fizika-Texnika İnstitutunda (1972-1978) (Yarımkeçiricilər İnstitutu 1972-ci ildə A.F.İoffe adına Fizika-Texnika İnstitutu ilə birləşdirilib) Diffuziya prosesləri laboratoriyasına rəhbərlik edib. Burada 1974-cü ildə “Yarımkeçiricilərdə aşqarlar arası əlaqənin və defektlərin diffuziyaya təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat doktoru elmi dərəcəsinə layiq görülüb. Doktorluq dissertasiyasının nəticələri rəsmi opponentlər tərəfindən - Nobel laureatı akademik J.İ.Alferov, professor V.İ.Fistul və professor Y.İ.Uxanov tərəfindən yüksək dərəcədə qiymətləndirilib. Qeyd etmək lazımdır ki, T.Cəfərov ilk və hələ də yeganə azərbaycanlıdır ki, A.F.İoffe adına Fizika-Texnika İnstitutunun tarixində laboratoriya rəhbəri vəzifəsində işləyib.

T.Cəfərovun SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutunda, sonralar SSRİ Elmlər Akademiyasının A.İ.İoffe adına Fizika-Texnika İnstitutunda 20 illik fəaliyyəti boyunca professor B.İ.Boltaks ilə apardığı müzakirələrin və söhbətlərin təsiri altında, dünyagörüşü, elmi maraqlarının inkişafı və elmi tədqiqatlara bağlılığı formalaşıb. Alimin dünya elm ədəbiyyatında ilk kitabı defektlərin əmələ gəlməsi və onların epitaksial strukturlarda diffuziyaya təsiri ilə bağlı, sovet və xarici tədqiqatların nəticələrini ümumiləşdirən “Epitaksial strukturlarda defekt və diffuziya” (Leninqrad, “Nauka”, 1978) adlı monoqrafiyası olub.

Azərbaycan Elmlər Akademiyasının prezidenti, Fizika İnstitutunun direktoru, akademik H.M.Abdullayevin dəvəti ilə T.C.Cəfərov 1978-ci ildən etibarən Fizika İnstitutunda özünün yaratdığı Diffuziya prosesləri laboratoriyasının rəhbəri və Fizika İnstitutunun elmi katibi kimi fəaliyyətə başlayıb. Sonra 15 il müddətində (1981-1994) Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib və eyni zamanda Diffuziya prosesləri laboratoriyasının müdiri, 2009-cu ildən isə Günəş və hidrogen elementləri laboratoriyasının müdiri olub.

T.C.Cəfərovun tədqiqatlarının əsas istiqamətlərinə Yarımkeçiricilərdə və yarımkeçirici quruluşlarda diffuziya, o cümlədən Fotovoltaik günəş elementləri və nano-məsaməli silisium əsasında hidrogen yanacaq elementləri daxildir.

Onun rəhbərliyi altında işıq və radiasiya şüalanmasının aşqarların diffuziyasına, elektrik daşınmasına və yarımkeçirici heterokeçidlərdə şüalanma proseslərinə təsirləri kimi tədqiqatlar kompleksi həyata keçirilib, aşqar və defektlərin miqrasiyası mexanizmi müəyyən edilib və stabil parametrləri olan bir sıra qurğular (heterolazerlər (AlGaAs-GaAs, CuInS2), LEDlər (CdS, CdTe, məsaməli Si) detektorlar (ZnS), tunel diodları (GaAs və s.) hazırlanıb və tətbiq edilib.

Nano-məsaməli silisium əsasında (məsaməli silisium-fulleren, məsaməli silisium-grafen oxide) effektiv günəş elementləri və batareyaları, hidrogenin kimyəvi enerjisini elektrik enerjisinə çevirən ekoloji cəhətdən təmiz hidrogen yanacaq elementləri hazırlanıb və daxilinə fulleren yeləşdirilmış məsaməli silisiumda işıq şüalanmasının 200 dəfəyədək artımı əldə edilmiş və izah olunub.

1996-2006-cı illərdə T.Cəfərov Qaradəniz Texniki Universitetində (Trabzon, Türkiyə) və Yıldız Texniki Universitetində (İstanbul, Türkiyə) dəvət olunmuş professor kimi çalışıb. Məsaməli səth sahəsinin nümunə həcminə nisbəti böyük olan (təxminən 1000 m2/sm3) nano (mikro) – “süngər” quruluşa malik məsaməli silisium  hidrogen elementləri və qaz sensorları istehsalı üçün çox uyğundur. Onun rəhbərliyi ilə Yıldız Texniki Universitetinin alimləri məsaməli silisium (Au (Ag və ya Cu) / Məsaməli silisium (PS / Si) - Şotki tipli quruluşlar əsasında hidrogen tərkibli qazlar və mayelərdən istifadə etməklə otaq temperaturunda işləyən yeni tipli aşağı güclü hidrogen yanacaq elementləri hazırlayıblar.

Hidrogen tərkibli bir mühitdə (etan,  metan, qlükoza, bor turşusu, natrium borohidrid, ammiak, hidrogen xlorid, Qara dənizin suyu və s.) yerləşdirilən bu cür quruluşlar təxminən 500 mV gərginlik və maksimum 30 W/m2 elektrik enerjisi sıxlığı yaradır. Bu nəticələr portativ elektronika və tibdə tətbiq etmələr üçün ucuz enerji mənbələrinin inkişafını nümayiş etdirir. Bundan əlavə, Au / PS / Si - strukturları xarici enerji mənbəyi olmadan işləyən hidrogenə həssas sensorlar kimi istifadə olunur. O, metal/məsaməli silisiym strukturtar əsasinda, hidrogenin (H2) kimyəvi enerjisini elektrik enerjisinə çevirən və ətraf mühiti çirkləndirməyən, PEM (Proton Exchange Membrane) tipli yeni hidrogen elementlərin əldə etmə texnologiyasını işləyib. Hidrogen elementində olan fiziki hadisələrin mexanizmlərini araşdırıb və göstərib ki bu növ hidrogen elementləri təmiz elektrik mənbəyi kimi istifadə edilə bilər.

Akademik aktiv elmi işi pedaqoji fəaliyyətlə uğurla birləşdirir. 1980-1993-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Ümumi fizika” və “Yarımkeçiricilər elektronikası” mövzularında mühazirələr oxuyub. 1996-2004-cü illərdə Yıldız Texniki Universitetində (İstanbul) dəvət edilmiş professor olaraq “Bərk maddələrdə diffuziya”, “Yarımkeçiricilər fizikası”, “Optoelektronika” və “Yüksək temperaturlu ifrat keçiricilik” mövzularında mühazirələr oxuyub. T.Cəfərov 2014-2015-ci illərdə Milli Aviasiya Akademiyasında “Mikroelektronikanın və nanoelektronikanın fiziki əsasları” mövzusunda mühazirələr oxuyub.

T.Cəfərov 25-ə yaxın elmlər və fəlsəfə doktoru hazırlayıb. O, günəş elementlərinin, hidrogen yanacaq elementlərinin, infraqırmızı detektorların, yüksək temperaturlu ifrat keçiricilərin  və s. tədqiqi və hazırlanması ilə əlaqəli  bir  sıra beynəlxalq qrantlar (NATO, TUBİTAK, SOROS, STCU, DPT və s.) qazanıb.

1989-cu ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.

2006-2008-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Fizika” ixtisası üzrə Ekspert Şurasının sədri, 2009-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Fizika” ixtisası üzrə doktorluq dissertasiyasının Müdafiə Şurasının sədr müavini olub. 2019-ildə yaradılmış  ED 1.14 saylı Dissertasiya Şurasının üzvüdür.

T.C.Cəfərov Per la Ricerca Di Base Universitetinin (Molise, İtaliya) fəxri professoru, həmçinin MDB Milli Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının Funksional materiallar bölməsinin üzvüdür.

O, Rusiya (Nauka, Enerqoatomizdat), ABŞ (Harwood Akademik Publishers), Almaniya (Springer), Xorvatiya (İntech), Türkiyə (Yıldız Texniki Universiteti) və Azərbaycanda (Milli Aviasiya Akademiyası) nəşr olunmuş 14 monoqrafiyanın, 350 elmi işin (o cümlədən 140-a yaxın məqalə impakt faktorlu beynəlxalq jurnallarda çap olunub) və 15 patentin müəllifidir.

Alim 1997-2006-ci illərdə bərk cisim fizikası sahəsində apardığı tədqiqatlarına görə Yıldız Texnik Universitetinin rektorluğu tərəfindən təşəkkürnamə ilə təltif edilib. 15 oktyabr 2014-cü il tarixində isə Azərbaycanda fizika elminin inkişafındakı xidmətləri nəzərə alaraq və anadan olmasının 75 illiyi ilə əlaqədar AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.

Akademik 2020-ci ildə elmin inkisafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb. Eyni zamanda AMEA-ın Rəyasət Heyətinin və Rusiya Elmlər Akademiyasının Fəxri fərmanları ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015