AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Sen 10, 2021 | 13:40 / Mühüm hadisələr
Oxunub 30 dəfə

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov ömrünün 81-ci ilində vəfat edib.

Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 1975-1978-ci illərdə institutun nəzdində Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində baş konstruktor, laboratoriya müdiri, 1978-1982-ci illərdə institutun nəzdində yaradılmış XKB-da  baş mühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi  İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri"  laboratoriyasının rəhbəri vəzifələrində çalışıb.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə  baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və  2011-ci ildən professor idi.  

O.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə institutun Xüsusi konstruktor bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və “Krasnodarneft”, “Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilmişdi.

O, tsiklik siqnalların mövqeli-binar analizi və identifikasiyası informasiya texnologiyasının əsas müəlliflərindəndir. Bu texnologiya ilə neftçıxarma obyektləri üçün yeni prinsiplərə əsaslanan nəzarət, diaqnostika və idarəetmə informasiya sistemlərinin yaradılmasında aparıcı rol oynayıb. Göstərilən texnologiya əsasında neft quyularının dərinlik-nasos qurğularının nəzarət və diaqnostika sistemləri yaradılıb və Qarasu, Balaxanı neft şirkətlərində tətbiq edilib.

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət” ordeni ilə  təltif edilib.

Alim 138 elmi əsərin müəllifi idi. Onlardan 29 əsər patentləşdirilmişdi.

Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 5 fəlsəfə doktoru hazırlanıb. Həmçinin bir doktorluq dissertasiya işi müdafiə üçün təqdim edilmişdi.

 O.Nüsrətov 2001-2019-cu illərdə institutun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının seminarının sədri, 2006-2019-cu illərdə şuranın üzvü, 2009-2019-cu illərdə şuranın sədr müavini və 2019-cu ildən isə ED 1-20 dissertasiya şurasının sədri olmuşdu.

O.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi.  O, Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedralarında professor vəzifəsində işləmişdi.

O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.

Tanınmış alim, professor Oqtay Nüsrətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015