AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Şamaxı Astrofizika Rəsədxanasının alimləri beynəlxalq layihə və qrantlara qoşulur
Avg 17, 2021 | 13:02 / Konfranslar, iclaslar
Oxunub 127 dəfə

Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alim və mütəxəssisləri beynəlxalq layihə və qrantlara qoşulur. Son illərdə Avropa İttifaqının 5 illik FP7 qrant layihəsi (SOLSPANET), 4 illik “Horizon 2020” - massiv ifratnəhəng ulduzların spektral tədqiqi, ESA-nın beynəlxalq kosmik layihəsi, GRANDMA – yerüstü teleskoplarla qravitasiya dalğaları mənbələrinin optik diapazonda müşahidəsi (İtaliya-Fransa), Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Dövlət Astronomiya İnstitutu ilə birgə aktiv nüvəli qalaktikaların tədqiqi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilən birgə elmi-tədqiqat işləri həyata keçirilməkdədir.

Bu barədə Fizika-Riya­ziy­yat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov məlumat verib.

FRTEB-dən AZƏRTAC-a bildirilib ki, alim son illərdə Şamaxı rayonunda turizmin inkişafı, rəsədxananın yaxınlığında yeni binaların tikilməsi, yolların çəkilməsi, süni işıq və tozlanma mənbələrinin artması nəticəsində ŞAR-ın ərazisində astroiqlim şəraitinin ciddi şəkildə pozulduğunu və bunun da astronomik müşahidələrin keyfiyyətinə ciddi mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

N.İsmayılov ŞAR-ın 2021-2025-ci illər üçün qəbul olunmuş beşillik tədqiqat planından da söz açıb, yerətrafı fəzanın fundamental-praktiki problemlərini əhatə edən yaxın kosmosun aktual məsələlərinin tədqiqindən, o cümlədən Günəş və Günəş sistemi cisimləri, Günəş fəallığının fizikası, Günəş-Yer əlaqələri, planetlərarası mühitin fizikası, Yerin asteroid təhlükəsizliyi, orbitdə olan aktiv süni peyklərın hərəkətinin təhlükəsizliyi və kosmik tullantılar problemindən danışıb.

Qeyd edilib ki, 2008-2013-cü illərdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ŞAR-da infrastruktur yenidən qurulub, 2 metrlik teleskopun idarəetmə sistemi yenilənib, müasir işıq qəbuledicilərinin tətbiqi və cihazların təkmilləşdirilməsi sayəsində aparılan astronomik müşahidələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

2016-cı ildə ŞAR-ın 2 metrlik teleskopunda yerli mütəxəssislər tərəfindən müasir işıqqəbuledicisi tətbiq etməklə yüksək ayırdetməli, spektrin çox geniş dalğa uzunluğu oblastını əhatə edən Optik Lifli Kasseqren Eşelle Spektroqrafı hazırlanıb. 2019-cu ildə “Canon” obyektivi və “Andor” CCD kamerası əsasında ŞAR-ın 2 metrlik teleskopunda universal dəyişən difraksiya qəfəsli spektroqrafın yeni mükəmməl variantı quraşdırılıb. Bu sistemlər ŞAR-da unikal müşahidə materiallarının alınmasına imkan verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015