AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İdarəetmə Sistemləri İnstitutu əməkdaşlarının məqaləsi nüfuzlu elmi jurnalda
Avg 16, 2021 | 11:41 / Yeni nəşrlər
Oxunub 151 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Telman Əliyev, İdarəetmə Sistemləri İnstitutunun Stokastik proseslərin müəyyən edilməsi laboratoriyasının müdiri, professor Nailə Musayeva və institutun dissertantı Mətanət Süleymanovanın həmmüəllifi olduqları “Küyqarışıq siqnalların küylərinin xarakteristikaları əsasında tunellərdə qəzaların başvermə ehtimalının təyin edilməsi alqoritmləri” adlı məqalə “Cybernetics and Systems Analysis” elmi jurnalında dərc olunub.

Bu məqalədə tunellərdə inkişaf nəticəsində qəzalara səbəb ola biləcək müxtəlif növ qüsurların olma ehtimalını hesablamaq üçün alqoritmlərin yaradılması müzakirə edilib. Göstərilib ki, nasazlıqların gizli dövründə ilkin təhlükəli dəyişiklikləri təyin etməyin daha etibarlı göstəriciləri küyqarışıq siqnaldan fərqlənməyən küyün xarakteristikalarıdır. Küyün məqbul və kritik qiymətlər alma ehtimalı tunellərin texniki vəziyyətindəki dəyişikliklərin göstəricisidir. Buna görə də küyün qiymətlərinin verilmiş intervala düşmə ehtimalının hesablanması üçün alqoritmlər yaradılıb.

Məqalədə göstərilib ki, bu ehtimallar tunellərdə ilkin nasazlıqların etalon çoxluqları kimi saxlanılır. Ehtimal olunan qiymətlər üzərində aparılan təcrübədən sonra müxtəlif zaman kəsiyində küy verilmiş qiymətləri alır ki, bu da qüsurun növünə və mümkün texniki vəziyyətlərdən birinə uyğunlaşdırılır: sazlılıq, işlək, qismən işlək, qeyri-işlək, ilkin qəzalı, qəzalı və s. Küyün müxtəlif vaxtlarda eyni qiymətlər aldığı ehtimallardakı fərqlər tunellərdə yaranan nasazlıqdakı dəyişikliklərin dinamikasının göstəricisidir. Həmçinin nasazlıqların inkişaf intensivliyinin informativ əlamətlər bazası yaradılıb. Bu baza üçün qüsurun inkişaf dinamikasının əhəmiyyətsiz, yavaş, əhəmiyyətli və intensiv kimi göstəriciləri müəyyən edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015