AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutunda elmi jurnalların beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı müşavirə keçirilib
May 03, 2021 | 10:44 / Konfranslar, iclaslar
Oxunub 9 dəfə

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi jurnallarının beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı növbəti müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev açaraq müşavirədə jurnalların beynəlxalq akademik bazalarda təmsilçiliyinə dair mövcud problemlər və onların həlli yolları, eləcə də elmi jurnalların veb-saytlarının vəziyyəti ilə bağlı müzakirələrin aparılacağını söyləyib.

12 saylı şöbənin əməkdaşı, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların “Web of Science” və “Scopus” beynəlxalq akademik bazalarının minimal tələblərinə cavab verməsi ilə bağlı təhlillərin aparıldığını diqqətə çatdırıb.

Bildirib ki, jurnalların veb-saytlarının funksionallığının artırılması ilə bağlı müəyyən işlər həyata keçirilib, bir sıra problemlər öz həllini tapıb. Həmçinin redaksiya heyəti üzvlərinin monitorinqi aparılıb. Akademik Rasim Əliquliyev institutun jurnallarının dünyanın tanınmış elmi bazalarının tələblərinə cavab verməsi üçün bütün lazımi tədbirlərin görülməsinin vacib olduğunu deyib. Bu məqsədlə mütəmadi olaraq monitorinqlər və təhlillərin aparılması, elmmetriya saatının keçirilməsinin zəruriliyini önə çəkib. İnstitutun hər bir əməkdaşını bu prosesdə fəal iştirak etməyə çağırıb.

R.Əliquliyev bildirib ki, hər bir şöbə rəhbəri xarici həmkarları ilə əlaqələri möhkəmləndirərək birgə tədqiqatlar aparmalı, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməlidir. Akademik, həmçinin müşavirədə səsləndirilən bütün təklifləri nəzərə almaqla institutun jurnallarının beynəlxalq akademik bazalara inteqrasiyasına dair tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015