AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutu işğaldan azad edilmiş ərazilərə dair aparılan elmi tədqiqatlarda yaxından iştirak etməlidir
Apr 26, 2021 | 11:16 / Konfranslar, iclaslar
Oxunub 52 dəfə

Bu fikri AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının növbəti onlayn iclasında çıxışı zamanı səsləndirib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” Qərarından irəli gələn vəzifələrin icra edilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bildirib ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkə Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün dövlət tərəfindən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək. Bütün bunlar respublika üzrə elmi potensialın əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında mühüm vəzifələr qoyur. Bununla əlaqədar olaraq, AMEA respublikanın 10-a yaxın nazirliyi ilə birgə fəaliyyət planı hazırlamışdır. 2021-2025-ci illər üzrə elmi-tədqiqat planlarına, prioritet elmi istiqamətlərə, xüsusilə də müasir dünyanın çağırışları və ölkəmizin milli maraqlarına müvafiq olaraq, 14 istiqamət üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün AMEA-nın 40-dan çox institutu bütün elmi potensialını cəlb edəcək.

Alim Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında tədbirlər planının institutun qarşısında “Elektron Qarabağ” konsepsiyasının işlənilməsi və reallaşdırılması layihəsinə elmi-praktik dəstəyin həyata keçirilməsi, onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə elm və təhsil qurumları üçün şəbəkə infrastrukturunun yaradılması və internet xidmətləri ilə təminat işlərinin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə distant və fiziki platformada İKT biliklərinin tədrisi işlərinin həyata keçirilməsi məsələləri və bu kimi digər mühüm vəzifələr qoyduğunu qeyd edib.

Sonra çıxış edən akademik Rasim Əliquliyev bildirib ki, dövlət başçısının ardıcıl siyasəti və rəşadətli ordumuzun sayəsində İkinci Qarabağ müharibəsində qalib gəldik, qısa bir müddət ərzində Qarabağ Azərbaycanın ayrılmaz hissəsinə çevrildi.

44 günlük müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra elmi problemlərin ortaya çıxdığını söyləyən akademik artıq Azərbaycan elminin üzərinə daha böyük vəzifələrin düşdüyünü bildirib. Qeyd edib ki, AMEA və onun tərkib hissəsi olan İnformasiya Texnologiyaları İnstitutu bu problemlərin həllində yaxından iştirak etməlidir. Alim və tədqiqatçılar bundan sonra daha da əzmlə çalışmalı, elmimizin inkişafına mühüm töhfələr verməlidir.

Alim bildirib ki, Azərbaycanın uzun illərdir ki işğal altında olan torpaqlarında bütün infrastruktur erməni təcavüzkarları tərəfindən dağıdılmışdır. Bu səbəbdən dövlət bütün maliyyə prioritetlərini Qarabağın yenidən qurulmasına yönəldir, cənab Prezident ardıcıl olaraq işğaldan azad edilmiş torpaqlarla bağlı yüksək səviyyəli, dünyanın müasir çağırışlarına cavab verən sənədlər imzalayır. Bu baxımdan Qarabağın yenidən qurulmasında dünya təcrübəsindən, müasir texnologiyaların imkanlarından istifadə etmək məqsədəuyğundur. Sosial-iqtisadi, siyasi çağırışlar kontekstində görüləcək kompleks tədbirlərin həyata keçirilməsində AMEA və İnformasiya Texnologiyaları İnstitutu fəal iştirak edəcək.

İnstitut direktoru hazırda rəhbərlik etdiyi qurumda aparılan bütün elmi tədqiqatların dövlətimizin hərbi qüdrətinin yüksəldilməsinə, strateji hədəflərə, milli maraqlara, azərbaycançılıq ideologiyasının təmin olunmasına xidmət etdiyini və ölkəmiz, eləcə də Qarabağın yenidən qurulması üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

Akademik R.Əliquliyev xatırladıb ki, hələ müharibə davam edərkən institut tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar elmi prioritetlərə dair təkliflər hazırlanmışdır. Bu təkliflər AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və AMEA Rəyasət Heyətində müzakirə olunaraq təsdiq edildi və hüquqi status aldı.

“Biz bu gün müvafiq təklifləri reallaşdırmalı, dövlətin qarşımıza qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialımızdan səmərəli istifadə etməliyik. İnstitutun Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə həm bir dövlət qurumu, həm də vətənpərvər ziyalı kimi yaxından iştirakı son dərəcə vacibdir”, – deyə alim bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015