AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Apr 26, 2021 | 11:06 / Konfranslar, iclaslar
Oxunub 38 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun həmtəşkilatçılığı ilə 14-17 sentyabr 2021-ci il tarixlərdə Rusiyanın Kursk şəhərində keçiriləcək “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq konfransında iştirak haqqında idi.

Bu barədə çıxış edən institutun elmi katibi Mədinə Səidova bildirdi ki, tədbir Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, “Elm və Texnologiya” Nəşriyyatı, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.

Konfransın əhəmiyyətindən bəhs edən məruzəçi artıq 6-cı ildir ki institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa qəbul olunmuş məqalələr haqqında məlumat verdi.

Sonda AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, rəhbərlik etdiyi qurumun Azərbaycan Milli Elmlər Akademiyasını bu kimi beynəlxalq elmi konfranslarda yüksək səviyyədə təmsil etməsinin vacibliyindən söz açdı, institutun aparıcı alimlərinin konfransa öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi. Akademik, konfransın digər həmtəşkilatçıları ilə birgə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015