AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçilib
Apr 05, 2021 | 09:00 / Mühüm hadisələr
Oxunub 51 dəfə

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığın­ca­ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə akademik Rasim Əliquliyevin namizədliyi irəli sürülür.

Akademik Cavad Abdinov qeyd edib ki, akademik Rasim Əliquliyev nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 180-dən çox olmaqla 650 elmi əsərin (400-dən çoxu xaricdə) müəllifi, 20-dən çox bey­nəl­xalq və respublika səviyyəli elmi jurnalın redaksiya heyətinin üzvüdür.  Rasim Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. Alim 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub. Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

Alimin milli informasiya təhlükəsizliyi sisteminin kon­sep­si­­yasının hazırlanması və reallaşdırılması üçün bir sıra yanaşmalar təklif etdiyini qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, akademik Rasim Əliquliyev, həmçinin strateji əhə­miy­yətli mürəkkəb texniki sistemlərin layihələndirilməsi və tətbiqi işlə­rinə töhfələr verib: “Akademik R.Əliquliyev Azərbaycan Respublikasının “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”nın və Avropa Birliyinin nəzdində fəaliyyət göstərən GEANT Baş Assambleyasının üzvüdür. Alim Azərbaycan Respublikasının “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub”.

Onlayn iclasda akademik Rasim Əliquliyevin elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri  tərəfindən geniş müzakirə olunub və  yüksək qiymətləndirilib.

Daha sonra açıq səsvermə ilə akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015