AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub
Noy 19, 2020 | 10:00 / Yeni nəşrlər
Oxunub 17 dəfə

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallı və Bakı Dövlət Universitetinin (BDU) dosenti Ramin Mahmudzadənin həmmüəllifi olduğu “C++ dilində proqramlaşdırmanın əsasları” adlı kitab işıq üzü görüb.

Nəşrin rəyçiləri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Əliyevdir.

Vəsait C++ dilinin nümunəsində proqramlaşdırmanın əsaslarını öyrətmək və başqa proqramlaşdırma dillərinin öyrənilməsi üçün qabiliyyətləri formalaşdırmaq üçün nəzərdə tutulub.

Kitabda verilmiş materialların mənimsənilməsi nəticəsində aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqların formalaşdırılması nəzərdə tutulur: proqramlaşdırma mühitlərində müxtəlif proqram layihələrinin yaradılması, proqramların kompilyasiya edilməsi, proqramdakı sintaktik və alqoritmik yanlışlıqların tapılıb düzəldilməsi, standart riyazi məsələlərin həlli proqramının yazılması (ədədin rəqəmlərə ayrılması, verilmiş aralıqdakı bütün sadə ədədlərin aşkarlanması, massivin ən böyük və ən kiçik elementinin tapılması və s.).

Nəşr ilk növbədə ali və orta ixtisas məktəblərində proqramlaşdırmanın əsaslarını öyrənən və gələcəkdə bu sahədə çalışmaq istəyən tələbələr üçün nəzərdə tutulsa da, bu vəsaitdən ümumtəhsil məktəblərinin informatika təmayüllü siniflərinin müəllimləri və şagirdləri, eləcə də proqramlaşdırmanın əsaslarını müstəqil öyrənmək istəyən hər kəs yararlana biləcək.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015