AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi
Noy 18, 2020 | 11:10 / Konfranslar, iclaslar
Oxunub 25 dəfə

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

Tədbiri şuranın sədri, institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

M.Mərdanov böyük fəxarət hissiylə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

Alim bildirib ki, əldə olunan bu tarixi uğurlar bütün Azərbaycan cəmiyyətində olduğu kimi AMEA-nın, onun institutlarının və müvafiq strukturlarının qarşısına yeni vəzifələr qoyur: "İşğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi, Azərbaycan elminə böyük şəxsiyyətlər qazandırmış bu diyarda elmi infrastrukturun bərpası, yeni elmi-tədqiqat mərkəzlərinin yaradılması qarşımızda duran taleyüklü vəzifələrdəndir. İnstitutumuzun əməkdaşları da bu tarixi missiyaya layiqli töhfələrini verəcək, öz fəaliyyətlərini yeni dövrün çağırışları kontekstində keyfiyyətcə yeni mərhələyə daşıyacaqlar".

O, Ali Baş Komandan İlham Əliyevin imzaladığı və 9 bənddən ibarət olan bəyanat haqqında məlumat verərək, sözügedən sənədlə təcavüzkar Ermənistanın məğlubiyyətini qəbul etdiyini, işğal olunmuş ərazilərin qeyri-şərtsiz azad olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Sonda M.Mərdanov böyük tarixi qələbə münasibətilə bir daha başda Ali Baş Komandan olmaqla, bütün xalqımızı, o cümlədən elmi ictimaiyyəti təbrik edib, müəssisənin əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015