AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Etnobotanika informasiya sisteminin yaradılması ilə bağlı tədqiqatlar aparılır
Okt 14, 2020 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 5 dəfə

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı “Zoom Meeting” proqramı vasitəsilə onlayn keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev elmi seminarın şöbəyə təhkim olunmuş doktorant Ləman Həmidovanın “Etnobotanika üzrə məlumatların informasiya sisteminə inteqrasiyasının analizi” mövzusunun və bu şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı işlərin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Məruzəni təqdim edən institutun doktorantı L.Həmidova bildirib ki, etnobotanika informasiya sistemi Azərbaycanın bir çox bölgələrində yayılmış, çoxşaxəli əhəmiyyətə malik olan, etnobotaniki xüsusiyyətləri tərkibində saxlayan bitkilər haqqında məlumat toplusundan ibarət olub, ölkəmizin müxtəlif regionlarında yayılmış bitkilərin, onlardan müxtəlif sahələrdə (müalicəvi, qida, yem, boyaq və s.) istifadənin milli folklorumuzda, tariximizdə rolunun müəyyənləşdirilməsini həyata keçirir.

Onun sözlərinə görə, əsas məqsəd məlumatların vahid verilənlər bazasında saxlanmasına və emalına imkan verən etnobotanika informasiya sisteminin qurulması, vahid konsepsiyanın işlənməsi, bitkilərin botaniki xüsusiyyətlərinin, istifadə formalarının, kimyəvi tərkibinin müəyyənləşdirilməsi, onların yayılma arealının xəritə üzərində əyani şəkildə təsvirinin qurulması, etnobotaniki biliklərin təhlükəsizliyinin və mütəxəssislərin bu sistemdən sərbəst şəkildə istifadəsinin təmin edilməsidir.

Etnobotanika informasiya sisteminin qurulması sahəsində beynəlxalq təcrübədən bəhs edən L.Həmidova “Prelude Medicinal Plants Database”, “NAPRALERT”, “Herbal Medicine Databases”, “TradiMed”, “Medicinal Herbs On-line”, “Medicinal Plants Catalogue”, “Rainforest Tropical Plant Database” informasiya sistemləri barədə məlumat verib.

Məruzəçi bildirib ki, mövcud etnobotanika informasiya sistemləri toplanmış məlumatlardan daha səmərəli şəkildə istifadə edilməsi, informasiyanın düzgün qiymətləndirilməsi, verilənlərin müqayisəli şəkildə analizi, məlumatların vizual olaraq daha aydın şəkildə əks olunması, məlumat itkisinin azalması kimi üstünlüklərə malikdir. Verilənlər bazalarında ümumi standartların olmaması, məlumatların təhlükəsizliyinin qorunmasının yetərsizliyi, verilənlər bazalarının əksəriyyətinin qapalı sistem şəklində istifadə olunması, sistemə açıq şəkildə yeni məlumatlar və şəkillər əlavə etməyin qeyri-mümkün olması, informasiya sistemlərinin əksəriyyətinin monolinqual (birdilli) olması, sistemlərin onlayn şəkildə fəaliyyət göstərməsi, İnternetdən yüklənməsinə icazə verilməməsi, bəzi informasiya sistemlərinin istifadəsinin ödənişli olması isə bu sistemlərin çatışmazlıqlarındandır.

“Təklif olunan modelin səmərəliliyinin qiymətləndirilməsi, Azərbaycan florası timsalında OLAP sisteminin aprobasiyası, etnobotaniki məlumatlar əsasında bitkilərin tarix, mədəniyyət və folklor sahəsində rolunun öyrənilməsi, xəritə üzərində vizuallaşdırma aparılmaqla ərazilər arasında əlaqələrin qurulması yerinə yetiriləcək vəzifələr sırasındadır”, – deyə L.Həmidova qeyd edib.

Akademik R.Əliquliyev çıxış edərək tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğulayıb: “Məqsədimiz praktiki informasiya sisteminin deyil, bitki ilə insan, botanika ilə cəmiyyət arasında formalaşan informasiya mühitinin nəzəri modelinin yaradılmasıdır. Tarixi, etnoqrafik, demoqrafik əhəmiyyətə malik olacaq model müəyyən praktiki müstəviyə gətirilməlidir ki, ondan botanika mütəxəssisləri rahatlıqla istifadə edə bilsinlər”.

Sonra məruzəyə dair fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

Şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı işlər müzakirə olunub. Onlar elmi-tədqiqat işlərinin davam etdirildiyini diqqətə çatdırıblar. 

Sonda çıxış edən akademik Rasim Əliquliyev şöbənin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə aparılan elmi-tədqiqat işləri üzrə araşdırmaların daha da intensivləşdirilməsini və dərinləşdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015