AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Nəhəng Qara dəliklər Kainatın sirrlərini anlamağa kömək edə bilər
Sen 21, 2020 | 12:55 / Maraqlı məlumatlar
Oxunub 729 dəfə

Astronomlar uzun müddətdir ki, kütləsi yüzlərlə milyard Günəş kütləsinə bərabər olan Qara dəliklərin mövcud ola bilmə ehtimalı üzərində fikirləşirlər. Almaniyanın Münxen şəhərində yerləşən Ludviq Maksimilians Universitetinin (Ludwig Maximilians Universität) kosmoloqu Florian Kinel hesab edir ki, belə supermassiv Qara dəliklərin mövcudluğu prinsipcə mümkündür. 

Müasir təsəvvürlərə görə qalaktikaların mərkəzində müşahidə olunan ifrat massiv Qara dəliklər bir neçə az kütləli Qara dəliyin birləşməsi və yaranan Qara dəliyin ətrafında olan materiyanı zəbt etməsi nəticəsində formalaşmışlar. Lakin bu hipotez, bir neçə milyard ildə belə Qara dəliyin formalaşa bilməsini izah edə bilmir. Londondakı Kraliça Meri Universitetinin (Queen Mary University) əməkdaşı Bernard Kapp hesab edir ki, ifrat massiv Qara Dəliklərin rüşeymi (bir yerə toplanmış nəhəng kütlə) Böyük Partlayışın ilkin saniyələrində sıxlığın təsadüfi fluktuasiyaları nəticəsində yarana bilər. Sonradan isə həmin ilkin Qara dəliklər, daha böyük kütləli Qara dəliklərin yaranmasına səbəb ola bilər.

Astronomlar hesab edir ki, qravitasiya linzalarından istifadə etməklə ifrat kütləli Qara dəlikləri aşkar etmək mümkündür və bu Qara dəliklər Kainatın yaranışı və qaranlıq materiyanın təbiəti ilə əlaqədar problemlərin həllində yardımçı ola bilər.

Qeyd edək ki, indiyə kimi məlum olan ən massiv Qara dəliyin kütləsi 66 milyard Günəş kütləsinə bərabərdir. Bu Qara Dəlik TON 618 kvazarının mərkəzində yerləşir. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015