AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Kainatda bu günədək məlum olan ən güclü maqnit sahəsi aşkar edilib
Sen 14, 2020 | 16:52 / Maraqlı məlumatlar
Oxunub 712 dəfə

Alimlər Kainatda indiyə kimi məlum olan ən güclü maqnit sahəsini aşkar ediblər. Söhbət Yerdən 20 min işıq ili məsafədə yerləşən neytron ulduzundan gedir. Çin Elmlər Akademiyası, Eberhard və Karl Universitetinin (Almaniya/Tübingen) əməkdaşlarının birgə işi olan bu tədqiqatların nəticələri "Astrophysical Journal Letters"də  dərc edilmişdir. 

Tədqiqatlara görə, GRO J1008-57 pulsarının maqnit sahəsi bir milyard Tesla tərtibindədir ki, bu da indiyə qədər ölçülən ən güclü maqnit sahəsidir və Yerdə laboratoriyalarda yaradıla bilən maqnit sahəsindən qat-qat daha güclüdür. 

Qeyd edək ki, uzaq bir göy cisminin maqnit sahəsini ölçmək çətin işdir. Astronomlar maqnitometr ilə ona çata bilmədikləri üçün, yalnız Yerdə teleskoplar vasitəsilə alınan informasiya ilə kifayətlənməli olurlar. 

GRO J1008-57 rentgen pulsarıdır. Obyekt adi ulduzdan və neytron ulduzundan ibarət sıx qoşa sistemdir (SQS).  Adi komponentdən neytron ulduzuna maddə akresiyasının nəticəsində neytron ulduzunun ətrafında disk yaranır. Əgər maqnit sahəsi güclüdürsə akresiya edən maddə maqnit qüvvə xətləri boyunca yönəlir, bu da rentgen şüalanmasının yaranmasına səbəb olur. 

2017-ci ildə Insight-HXMT (Çinin ilk rentgen astronomik  peyki) vasitəsilə GRO J1008-57 pulsarında 90 keV səviyyəsində siklotron-rezonans səpilmə xüsusiyyəti aşkar edilib.

Nəzəriyyəçilərin fikrincə, belə böyük maqnit sahələri nəinki maddənin xüsusiyyətlərini, hətta vakumun özünü belə dəyişdirir. Təbiətin özü fiziklər üçün belə bir imkana malik laboratoriya təşkil edib ki, bu da GRO J1008-57 pulsarını alimlərin üçün maraqlı edir. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015