AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Riyaziyyat bütün elmlərin açarıdır
Mart 13, 2020 | 09:09 / Müsahibələr, çıxışlar
Oxunub 137 dəfə

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 3 sentyabr 2019-cu ildə Paris şəhərində, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. 

Dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır. Məlumdur ki, qloballaşmanın tüğyan etdiyi müasir dövrdə, hər bir ölkənin qapısını döyməkdə olan müxtəlif növ böhranların, insan artımı ilə bağlı yaranmış ərzaq qıtlığının, getdikcə özünü daha çox büruzə verən təbii fəlakətlərin və hər bir regionda meydana çıxan digər problemlərin müsbət həlli elmin inkişafı ilə birbaşa əlaqədardır. Digər tərəfdən, hər bir ölkənin iqtisadi, hərbi və siyasi qüdrəti onun elmi potensialından və bu potensialın səmərəli istifadəsindən asılıdır.
Elm sahələri arasında riyaziyyatın özünəməxsus yeri vardır. Ən qədim elmlərdən biri olan riyaziyyat elmi biliklər sistemində mühüm yer tutur. O, dünyanın öyrənilməsində və dəyişdirilməsində, insanların praktiki fəaliyyətində çox böyük rol oynayır. Bu elmin beynəlxalq aləmdə geniş adı “Matematika” (yeri gəlmişkən, deyək ki, bizim dil üçün bu ad daha münasibdir) yunanca “mathema” sözündən olub, “biliklənmə, elmlənmə” mənasını verir. Sonralar bizdə bu elmi “riyaziyyat” adlandırıblar ki, bunun da mənası (ərəb dilindən götürülmüş) “tərbiyə”, “məşq” deməkdir. Riyaziyyat, bizi əhatə edən dünyanı anlamağa kömək edən qanunauyğunluqların sirlərini açır. İnsan oğlu dünyaya gələndən onu əhatə edən sirli ətraf aləmi dərk etməyə çalışmış, yaşamaq və öz şəraitini yaxşılaşdırmaq üçün daim düşünmüş, beynində alqoritmlər qurmuş və düşündüklərini həyata keçirmək üçün addımlar atmışdır. İki min ildən çoxdur ki, riyaziyyat gerçəkliyin dərk edilməsində insan tədqiqatının əsas hissəsindən birinə çevrilmişdir. Riyaziyyat elmi ucsuz-bucaqsız bir aləmdir, nəhayətsiz bilik dəryasıdır. Bu bilklər aləmindən baş çıxarmaq üçün dərin zəka, gərgin düşüncə, güclü məntiq, mücərrəd təfəkkür prosesi tələb olunur. Bundan qorxmaq lazım deyil, cəsarətlə bu bilik dəryasına baş vuranları o, heç də pis qarşılamır, onunla xoş rəftar edir, ona nəinki həyatda gərəkli olur, onun həyatının bəzəyinə çevrilə bilir, onunla sevimli dost olur, düşüncə tərzinə təsir edir... Heç də təsadüfi deyil ki, bəzi böyük şəxsiyyətlər öz məntiqi düşüncə qabiliyyətini inkişaf etdirmək üçün riyaziyyat elmi ilə məşğul olmuş, onu öyrənməyə xüsusi səy göstərmişlər. O da təsadüfi deyil ki, bu elmi çox zaman “əqlin gimnastikası” adlandırırlar.
Müasir elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə olunur. Riyaziyyat dünyanı dərk etməyin metodu və dilidir. Riyaziyyat həyatımıza nizam gətirən, təfsirdə (izahda) özbaşınalığa yol verməyən dəqiq bir elmdir. Riyaziyyat - nizam və sərt məntiqin təcəssümüdür. O, ətrafımızdakı dünyanı anlamağa, onun qanunları haqqında daha çox məlumat əldə etməyə kömək edir. Çünki bu qanunlar, məhz riyaziyyatda hökm sürən qaydalara tabe olur.
Riyaziyyatı öyrənərək riyazi düşüncə tərzini, ümumiləşdirmə və təhlil etmək bacarığını inkişaf etdiririk. Nizamlılıq tapmağı öyrənirik, tez düşünmək və qərar vermək bacarığına yiyələnirik. Məntiqi düşünmək, əsaslandırmaq, düşüncələri düzgün və aydın şəkildə formalaşdırmaq, düzgün məntiqi nəticələr çıxarmaq, əvvəlcədən planlaşdırma, yaddaşda bir neçə ardıcıl addım saxlamaq bacarıqlarını formalaşdırırıq. Konseptual və mücərrəd düşünmə bacarıqlarını, ardıcıl və məntiqi olaraq mürəkkəb anlayışlar və ya əməliyyatlar qurmaq və onları yadda saxlamaq bacarığını inkişaf etdiririk.
Riyaziyyat - təbiətdə baş verən proseslərin obyektiv xassələrini və onlar arasındakı əlaqələri əks etdirən riyazi modelləri öyrənən bilik sahəsidir. Məhşur rus riyaziyyatçısı, akademik Kolmoqorovun tələbələrindən biri olmuş Vladimir Andreyeviç Uspenski yazırdı: “Riyazi model insan təfəkkürünün nəticəsi olsa da, o, obyektiv araşdırma mövzusuna çevrilə bilər. Onun xüsusiyyətlərini bilməklə, bu modelin əks etdirdiyi prosesin xüsusiyyətlərini öyrənirik”. Bundan əlavə, riyaziyyat obyektiv aləmin ən müxtəlif hadisələrini təsvir etmək üçün əlverişli yollar təqdim edir və beləliklə, elm dili rolunu oynayır. Nəhayət, riyaziyyat insanlara dünyanı öyrənmək və dərk etmək metodlarını, həmçinin nəzəri və praktiki problemlərin tədqiqat üsullarını təqdim edir.
Bəşəriyyətin məlum inkişaf tarixinə və mərhələlərinə uyğun olaraq riyaziyyat elmi formalaşmış, şaxələnmiş və inkişaf etmişdir. Kainatın da özünün sanki riyazi obyekt olması və oradakı sonsuz simmetriyalar, çeşidli formalar və hadisələr də onun “riyazi dildə” yazılmasına bir sübutdur.
Tarixçilər, filosoflar və siyasətçilər tərəfindən bəşər tarixinin eralara bölünməsi, əslində insan zəkasının yüksək forması olan riyaziyyatın etdiyi böyük kəşflər arasındakı müddətlə ölçülsə daha yaxşı olardı. Çünki bəşər tarixində insanların qarşısına çıxan ən böyük problemlər məhz riyaziyyatın tətbiqi ilə həll edilmişdir. Zəruri ehtiyacların ödənilməsi üçün zəmanəyə uyğun (və bəzən onu qabaqlayan) texnologiyaların yaranması və təkmilləşdirilməsi məhz riyaziyyatın tətbiqi sayəsində mümkün olmuşdur.
Riyaziyyat bizi düşünməyə, təhlil etməyə məcbur edir. Riyaziyyatda yanlış yoxdur. Bütün düsturlar və teoremlər ciddi isbat olunur. Riyaziyyat məntiqi düşünmə qabiliyyətini inkişaf etdirir və bu da öz növbəsində insanın maraqla yaşamasına səbəb olur. Riyaziyyat məntiqi təfəkkürü, problemləri müstəqil həll etmək bacarığını, mahiyyəti tez dərk etmək və həyati məsələlərdə ən uyğun və sadə bir yanaşma tapmaq bacarığını inkişaf etdirir. Həmçinin, riyaziyyat, şəxsiyyətin intellektual inkişafında böyük rol oynayır. Sovet yazıçısı Veniamin Aleksandroviç Kaverin demişdi: “Müstəqil təfəkkürə gedən ən qısa yol riyaziyyatdır”.
Əgər XVIII əsrin axırlarına qədər riyaziyyat əsasən mexanika və astronomiyada, XIX əsrdə isə fizikanın müxtəlif sahələrində tətbiq olunur və bu elmlərdən qidalanırdısa, hazırda riyazi metodlar ən müxtəlif elm sahələrinə - iqtisadiyyat, dilçilik, biologiya, kimya, tibb və s. sahələrə dərin nüfuz edir. “Riyazi dilçilik”, “Riyazi biologiya”, “Riyazi iqtisadiyyat”, “Riyazi informatika” kimi terminlər artıq adi, heç kimi təəccübləndirməyən terminlər olmuşdur.
XXI əsr texnologiyanın sürətlə inkişaf etdyi bir əsrdir. Biz, əhalinin sosial rifahının inkişafının əsas istiqaməti kimi cəmiyyətin zamanla ayaqlaşaraq inkişaf etdiyi bir informasiya cəmiyyətində yaşayırıq. Riyaziyyat bütün müasir texnologiyaların və elmi tədqiqatların əsasını təşkil edir, biliklərə əsaslanan iqtisadiyyatın zəruri bir hissəsidir. Müasir informasiya və kommunikasiya texnologiyalarının (İKT) yaradılması ilk növbədə riyazi fəaliyyətə əsaslanır. Bütün vətəndaşlar üçün riyazi savad - mədəniyyətin, sosial, şəxsi və peşəkar səriştənin zəruri bir elementidir. Riyaziyyat, XXI əsrdə hər hansı bir ölkənin inkişafında vacib bir element, innovativ və texnoloji potensialın əsası ola bilər. Fikrimizcə, riyazi təhsil əslində dövlət proqramının mövzusu olmalıdır. Dövlətin istənilən strateji istiqaməti riyazi üsulların köməyi ilə onun yüksək səviyyədə əsaslandırılmasını tələb edir.
Reallığın dərk olunması prosesində riyaziyyatın rolu getdikcə artır. Müasir dövrdə elə bir bilik sahəsi yoxdur ki, orada riyazi anlayışlar və metodlar bu və ya digər dərəcədə istifadə edilməsin. Hazırda riyaziyyat çox fərqli bilik sahələrini vahid bir sistemə birləşdirir.
Riyaziyyat yalnız tətbiqi məsələləri həll etmək üçün güclü bir vasitə və universal bir elm dili deyil, eyni zamanda ümumi mədəniyyətin bir elementidir. Riyaziyyat fundamental bir elmdir, onun metodları fizika, kimya, biologiya, astronomiya və s. kimi bir çox təbiət elmlərində geniş istifadə olunur. Həmçinin, riyaziyyat əsas sosial və ekoloji məsələləri anlamaqda mühüm rol oynayır. Burada iqlim dəyişikliyinə və bioloji müxtəlifliyin azalmasına qarşı mübarizə, dəniz səviyyəsinin yüksəlməsi, dünya əhalisinin artımının proqnozlaşdırılması və bununla əlaqəli qida ehtiyaclarının meydana gəlməsi kimi məsələlər nəzərdə tutulur.
Riyaziyyatı iki tamamlayıcı hissəyə bölmək olar - nəzəri və tətbiqi riyaziyyata. Nəzəri hissə daxili riyazi quruluşları dərindən təhlil etməklə məşğuldur, yəni nəzəri riyaziyyat, riyaziyyatın mövcud strukturunu təkmilləşdirir, onun daxili tələbatından irəli gələn ehtiyacları ödəməklə, ciddi analizlərin aparılmasını həyata keçirir. Tətbiqi hissə digər bilik sahələri üçün öz modellərini təqdim edir. Tətbiqi riyaziyyat əsasən praktikanın riyaziyyat qarşısında qoyduğu problemləri həll etməklə məşğuldur. Bu zaman əsas məsələ öyrənilən obyekt və ya prosesin abstrakt modelini qurmaq və bu modelə riyazi metodlar tətbiq edərək obyekt və ya proses haqqında lazımi informasiya almaqdan ibarətdir. Onun köməyi ilə kəşflər edilir, nümunələr aşkar edilir, hadisələr proqnozlaşdırılır. Bu mənada riyaziyyatın insan həyatındakı əhəmiyyətini olduğu kimi qiymətləndirmək çox çətindir.
Qeyd etmək lazımdır ki, riyaziyyatda bu bölgü nisbi xarakter daşıyır. Məsələn, ellipsin xassələri, İohann Kepler tərəfindən planetlərin trayektoriyasını müəyyənləşdirmək üçün bu xassələrdən istifadə etdiyi vaxtdan min beş yüz ildən çox əvvəl yunanlar tərəfindən öyrənilmişdi. Nisbilik nəzəriyyəsinin riyazi aparatı bu nəzəriyyənin Albert Eynşteyn tərəfindən yaradılmasından otuz il əvvəl mövcud idi. Digər tərəfdən, bir çox sırf riyazi nəzəriyyələr mexanika, fizika və digər elmlərin tələbatı əsasında yaranmışdır.
Riyazi üsullardan istifadə etməklə hər hansı bir mürəkkəb layihəni reallaşdırmaq üçün sınaqdan əvvəl bahalı və həyati təhlükəsi olan təcrübələr aparmağa ehtiyac yoxdur. Məsələn, astronavtları orbital stansiyasına çatdırmaq üçün yerdən qalxan bir kosmik gəminin orbitasının parametrlərini riyazi üsulların köməyi ilə əvvəlcədən hesablaya bilərik. Raketin yer səthindən kosmosa göndərilməsi üçün riyazi hesablamaların vasitəsilə lazımlı bütün parametrləri əvvəlcədən təxmin edərək təhlükəsiz və etibarlı şəkildə uçuşu təmin etmək olar.
Riyazi hesablamaların tətbiqini hər yerdə görmək mümkündür - idarə etdiyiniz avtomobildə, kompüterdə və ya başqa portativ cihazlarda. Bütün binaların, tikintilərin öz ağırlığı altında dağılmamasının səbəbi, məhz tikinti üçün lazım olan bütün verilənlərin əvvəlcədən riyazi düsturların vasitəsilə hesablanmasıdır.
Bu da bir həqiqətdir ki, tibb və səhiyyənin bir çox sahələri də müasir riyazi üsulların tətbiqi sayəsində inkişaf etməkdədir. Məsələn, tibbi cihazların hazırlanmasında, müəyyən bir müalicənin effektivliyinə dair məlumatların təhlilində riyazi statistikadan geniş istifadə olunur. Hətta hava proqnozunda da riyazi modellərdən istifadə edilir. Bir sözlə, riyaziyyat elminin sayəsində bu gün biz bütün texnologiyalara sahibik, şəhərlər qururuq, kosmosu araşdırırıq və mədəniyyətimizi inkişaf etdiririk! Kompüterləşmə, məlumatlandırma, internet, sosial şəbəkələr sürətlə həyatımıza daxil olub. Kompüterlə işləmək üçün isə məntiq, məlumatı sistemləşdirmək, sorğularınızı sosial şəbəkələrdə və axtarış sistemlərində dəqiq təqdim etmək və formalaşdırmaq bacarığı lazımdır.
Əsas riyazi qanunlar və müasir dünyada onlardan istifadə etmək bacarığı olmadan hər hansı bir peşəyə yiyələnmək çox çətindir. Rəqəmlər və onlarla aparılan əməliyyatlarla yalnız maliyyəçilər və mühasiblər məşğul olmur. Xüsusi riyazi biliklərə sahib olmadan bir astronom ulduza qədər olan məsafəni və onu müşahidə etmək üçün ən uyğun vaxtı təyin edə bilməz, molekulyar bioloq bir gen mutasiyası ilə necə davranacağını anlaya bilməz. Mühəndis həyəcan siqnalını və ya video nəzarət sistemini tərtib edə bilməz, proqramçı əməliyyat sisteminə bir yanaşma tapmaqda çətinlik çəkər.
Riyaziyyat haqqında danışdıqca qarşıya belə bir sual çıxır: “Riyaziyyat nədir?”
Birincisi, bunu əsas tutmaq lazımdır ki, riyaziyyat - dünya və onun qanunauyğunluqlarını açmaqda, təbiət və cəmiyyət hadisələrini öyrənməkdə, kainatın sirlərini aşkar etməkdə qüdrətli bir alətdir, vasitədir. “Riyaziyyat - kəmiyyət və miqdar haqqında elmdir. Rəqəmlə ifadə edilə bilən hər şey riyaziyyata aiddir”. Riyaziyyat - “real aləmin (həyatın) fəza formalarının və kəmiyyət əlaqələrinin (münasibətlərinin)” öyrənilməsinə əsaslanan bir elmdir. Elmin böyük korifeylərindən biri olan Qalileo Qaliley demişdir ki, dünya riyaziyyat dilində yazılmış əzəmətli bir kitabdır, onu ancaq həmin dilə yiyələnən oxuyub öyrənə bilər.
XVII əsrin əvvəllərinə qədər riyaziyyat əsasən ədədlər, sabit kəmiyyətlər, sadə həndəsi fiqurlar haqqında elm idi. Onun əhatə dairəsi ticarət, kənd təsərrüfatı, astronomiya, memarlıqdan ibarət idi. XVII-XVIII əsrlərdə təbiət elminin inkişafına olan ehtiyaclar - naviqasiya, astronomiya, ballistika və s. - dəyişən kəmiyyətlərin riyaziyyata daxil olmasına, onların arasında funksional asılılıq şəklində əlaqənin qurulmasına, diferensial və inteqral hesabının inkişafına səbəb oldu.
XIX-XX əsrlərdə riyaziyyat, abstraksiyanın yeni mərhələlərinə yüksəldi. Adi kəmiyyətlərə və ədədlərə müasir cəbrdə öyrənilən cisimlərin xüsusi bir halı kimi baxılırdı. Böyük rus alimi Lobaçevskinin ideyalarının təsiri ilə Evklid fəzasının ümumi halı olan “fəzaların” öyrənilməsinə başlanılır. Bu dövrdə, eyni zamanda, riyaziyyatda zəruriliyi təcrübə ilə müəyyən edilən yeni sahələr inkişaf etməyə başlayır: mürəkkəb dəyişənli funksiyalar nəzəriyyəsi, qruplar nəzəriyyəsi, proyektiv həndəsə, riyazi məntiq, funksional analiz, çoxluqlar nəzəriyyəsi və s. Bu sahələrdə elmi tədqiqatların aparılması ədədi üsullarla bağlıdır. Bunlarla əlaqədar, XIX-XX əsr ədədi üsulların inkişafı ilə xarakterizə olunur, onlar müstəqil bir elm sahəsinə - hesablama riyaziyyatına çevrilir.
Riyaziyyatın özünün inkişaf ehtiyacları, elmin müxtəlif sahələrinin “riyaziləşdirilməsi”, riyazi metodların tətbiqi fəaliyyətin bir çox sahəsinə nüfuz etməsi, kompüter texnologiyalarının sürətli inkişafı bir sıra yeni riyazi istiqamətlərin: oyunlar nəzəriyyəsi, informasiya nəzəriyyəsi, qrafika nəzəriyyəsi, diskret riyaziyyat, optimal idarəetmə nəzəriyyəsinin yaranmasına səbəb olmuşdur.
XX əsr ümumi texnoloji tərəqqi üçün səciyyəvi olan elə mürəkkəb texniki sistemlərin yaranması ilə fərqlənir ki, onları idarə etmək vəzifələri bəzi hallarda insanın fizioloji imkanlarını üstələyir. İdarə olunmayan və ya təsadüfi amillərin təsiri ilə çətin vəziyyətlərdə təcrübə və intuisiya kifayət deyil: qəbul etdiyiniz qərarlar üçün möhkəm bir elmi əsas lazımdır, nəzarət proseslərini, riyazi təsviri, riyazi modelləşdirmə və idarəetmə sistemlərinin riyazi-statistik təhlilini öyrənmək üçün analitik metodlara ehtiyac var. Texnoloji tərəqqinin nəticəsində elə bir informasiya axını yaranıb ki, çap olunan bütün məqalələrin alimlər tərəfindən izlənməsi mümkün deyil. Təbii ki, praktiki ehtiyaclar artıq yeni tədqiqat metodlarının həyata keçirilməsini tələb edir.
Riyaziyyatın sürətli inkişafı, onun texnoloji prosesslərdə geniş yayılması, kompüter texnologiyalarının meydana çıxması, bir çox elmlərin “riyaziləşməsinə” səbəb oldu.
Hazırda riyaziyyatın istifadə olunmayacağı insan fəaliyyət sahəsini göstərmək çətindir. Həqiqi ədədlər çoxluğunun ümumiləşdirilməsi kompleks ədədlər çoxluğunun yalnız formal ümumiləşdirilmə mənasına malik olmadığına, həqiqi fiziki kəmiyyətlərin təsvirində də tətbiq oluna biləcəyinə əsas verdi. Bu nöqteyi-nəzərə əsasən riyazi fizikanın - hidrodinamika, aerodinamika, elektrik mühəndisliyi, radiotexnikanın və s. müxtəlif məsələlərinin həllində böyük uğurlar əldə edildi. Sosial elmlər arasında riyaziyyatdan ən çox iqtisadiyyatda istifadə olunur. Dahi alman filosofu İmmanuil Kantın fikrincə, elm - yalnız riyaziyyatdan istifadə edərkən kamilliyə çatır. İqtisadi problemlərdə hesablamaların mürəkkəbliyi müəyyən amillərin artması ilə bağlıdır. Formalaşdırma sadəcə lazımlı bir texnikadır, öyrənilən fenomenin əsas xüsusiyyətlərini aydın şəkildə vurğulamağa imkan verir. Xətti proqramlaşdırma metodlarının, işgüzar oyunların istifadəsi bizə optimal həllər (maksimum mənfəət və ya minimum xərc) axtarışı ilə əlaqəli böyük bir iqtisadi problem həll etməyə imkan verir. İqtisadiyyat və tibb, hüquqşünaslıq və mülki aviasiya - bütün bu elmlər və bir çoxları inkişafından irəli gələn problemlərin böyük bir qismini həll etmək üçün riyazi metodlardan istifadə edirlər.
Burada bir neçə nümunə göstərmək olar, məsələn, müxtəlif mülki təyyarə sistemlərinin sıradan çıxması və okeanların dibində vulkanların yaranması. Yaranan suallara cavab vermək üçün eyni riyazi statistik metodlardan istifadə olunur. Didona məsələsi və meşə yanğınlarının söndürülməsi və ya sahələrin çilənməsi ilə bağlı mülki aviasiyada ortaya çıxan məsələlərin həlli, funksionalın şərti ekstremumunun tapılmasını tələb edir, yəni burada variasiya hesabından istifadə olunur. Məhşur alman alim-filosofu, kibernetik Georq Klaus “Kibernetika və Fəlsəfə” adlı kitabında yazırdı: “Kepler tərəfindən planetlərin hərəkət nəzəriyyəsinin inkişafından başlayaraq sovet alimləri tərəfindən Maya dilinin (Klassik Maya dili - Maya dili ailəsinə aid ən qədim yazılı dildir. Klassik Maya dövrünə aid kitabələrin əsas dili) deşifrə edilməsinə qədər davam edən elmi təcrübə, elm tarixinin gedişatı göstərir ki, bu və ya digər problemi riyaziyyatın köməyi olmadan həll etmək çox çətindir”.
Riyaziyyat da daxil olmaqla bütün elmlər, dünyanın müəyyən cəhətlərini və əlaqələrini öz üsullarının köməyi ilə əks etdirir. Hər bir elm, hadisələrin səbəblərini və mahiyyətini dərindən açan, obyektiv dünyanın qanunlarına nüfuz edən ümumiləşdirici nəzəriyyələr qurur. Eyni zamanda, alimlər daim ümumi anlayışlar, abstraksiyalar, məntiqi və fəlsəfi kateqoriyalarla fəaliyyət göstərmək məcburiyyətindədirlər. Riyazi anlayışların mücərrəd təbiəti, riyaziyyatda nəticələrinə universallıq və zərurət xarakteri verən məntiqi dəlillərin müstəsna rolu, reallığa və təcrübəyə münasibətdə böyük dərəcədə müstəqillik, onun inkişafında simvolizmin rolu - bütün bunlar riyaziyyatın fəlsəfi məsələlərinə marağı artırır. Bir riyaziyyatçı, abstraksiya, ümumiləşdirmə, idealizasiya, sonlu, sonsuz, forma, məzmun, kəmiyyət, keyfiyyət, oxşarlıq, fərqlilik, ziddiyyət və bir çox fəlsəfi anlayışlar olmadan öz fikrini ifadə edə bilməz.
Məhşur yunan alimi Pifaqor hesab edirdi ki, riyaziyyatla məşğul olmaq insan ruhunun təmizlənməsinə xidmət edir.
Riyaziyyatda əsas fəlsəfi məsələ - riyazi anlayışların, aksiomaların, nəzəriyyələrin, qaydaların və nəticələrin obyektiv aləmlə olan əlaqəsi haqqında məsələdir. Bu məsələnin həlli riyaziyyatın inkişafı prosesində yaranan digər fəlsəfi sualların həllinə də təsir göstərir. Məhşur alman fiziki, kvant mexanikasının yaradıcılarından biri Verner Heyzenberq “Fizika və fəlsəfə” adlı əsərində yazırdı: “Təbiətşünaslıqda ümumi qanunların əsas anlayışları ən yüksək dəqiqliklə müəyyən edilməlidir və bu yalnız riyazi abstraksiyanın köməyi ilə mümkündür”.
Qeyd edək ki, riyaziyyata əsaslanan kompüter elmləri və mühəndislik XXI əsrdə getdikcə əhəmiyyətli bir yer tutduğundan, bu sahələrdə inkişafa nail olunmasında riyaziyyatın tətbiqi mühüm rol oynayır və bu da, öz növbəsində, avtomatlaşdırılmaya artan təlabatın ödənməsinə və internet vasitəsilə informasiyaların əldə etmə imkanının təmin edilməsinə öz təsirini göstərməkdədir.
Ən fundamental səviyyədə, riyaziyyat kainatı idarə edən qanunları dərk etməyimizin əsasını qoyur. Bu, həm də cəmiyyətimizdəki texnoloji tərəqqini müəyyən edən amildir. Riyaziyyatın kompüter elmlərində, internet şəbəkəsində və kompüterlərin istifadə etdiyi güclü alqoritmlərə əsaslanan texnologiyalarda tətbiqi cəmiyyətdə əsl inqilab yaratmışdır.
Beləliklə, riyaziyyatın elm, texnologiya və innovasiya sahəsindəki rolunu və tətbiqini nəzərə alaraq, riyaziyyat haqqında maarifləndirmənin artırılması və bu sahədə təhsilin qlobal səviyyədə dərinləşdirilməsi, süni intellekt, iqlim dəyişikliyi kimi fəaliyyət sahələrində, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə insanların yaşam tərzinin keyfiyyətinin yüksəldirilməsi istiqamətində qarşıda duran məsələlərin həllində və hədəflərə çatmasında əsas rol oynadığını qeyd etmək lazımdır.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət sahələri üzrə qurumu olan UNESKO, Riyaziyyatın cəmiyyət həyatındakı rolunu və üzv ölkələrin müraciətlərini nəzərə alıb, 2019-cu il sentyabrın 3-də, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, həmin gün indiyə qədər P ədədi günü kimi qeyd olunurdu.
Beynəlxalq Riyaziyyat Cəmiyyətinin UNESCO ilə beynəlxalq səviyyədə uzlaşdırılmış təbliğat və maarifləndirmə fəaliyyət proqramları çərçivəsində əməkdaşlıqların davam etdirilməsinin vacibliyini və Beynəlxalq Riyaziyyat Gününün təşkili və əlaqəli tədbirlərdə iştirakı üçün tərəfdaşların cəlb edilməsində Beynəlxalq Riyaziyyat Cəmiyyətinin aparıcı rolunu qeyd etmək lazımdır.
Bu qərarın qəbul edilməsi UNESKO-ya əsas elm sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair missiyasına geniş imkanlar yaradacaq, fundamental elmlər üzrə Beynəlxalq Proqramın nüfuzunu artıracaqdır. Beynəlxalq Riyaziyyat Günü UNESKO-nun “Elmin bəşəriyyətin inkişafında rolu” adlı böyük proqramının məqsədlərinə nail olmağa kömək edəcək. Bu proqramla bağlı UNESKO-nun fəaliyyətinin əsas istiqaməti “Elm, texnologiya və innovasiyaların inkişafı, yayılması və tətbiqi məqsədilə institusional və insan resurslarının gücləndirilməsi”ndən ibarətdir. Həmçinin, Beynəlxalq Riyaziyyat Günü UNESKO-nun bəşəriyyətin inkişafına dair elmi və texniki potensialının dünya səviyyəsində gücləndirilməsi məqsədinə nail olmasına imkan yaradacaqdır.
Beynəlxalq Riyaziyyat Günü davamlı inkişaf üçün elm, cəmiyyət və təbiət arasında yeni körpülər qurmağa şərait yaradacaq və tədqiqatçılar, vətəndaşlar, yüksək vəzifəli şəxslər, şirkət rəhbərləri və qeyri-hökumət təşkilatları arasında yeni əlaqələrin qurulmasına təkan verəcək. Beynəlxalq Riyaziyyat Gününü qeyd etməklə, elm adamları, vətəndaşlar və liderlər arasında dialoqun qurulmasına və yüksək səviyyədə davam etdirilməsinə nail olmaq mümkündür.
Qeyd edək ki, UNESKO, 2000-ci ili Ümumdünya Riyaziyyat ili, 2005-ci ili Beynəlxalq Fizika ili, 2009-cu ili Beynəlxalq Astronomiya ili, 2011-ci ili Beynəlxalq Kimya ili, 2014-cü ili Beynəlxalq Kristaloqrafiya ili, 2015-ci ili Beynəlxalq İşıq ili elan etməklə dünyada elmin inkişafında həlledici rol oynamışdır.
Düşünürük ki, fənlərarası xarakter daşıyan Riyaziyyat bütün əvvəlki beynəlxalq bayramları bir araya gətirəcək və beləliklə, Beynəlxalq Riyaziyyat Günü indiyədək əldə olunmuş nailiyyətlərin daha da möhkəmlənməsini təmin edəcəkdir.
Hesab edirik ki, Beynəlxalq Riyaziyyat Gününün hər il qeyd edilməsi müasir riyaziyyatın surətli inkişafına müsbət təsir göstərəcək, onun bəşəriyyətin tərəqqisində rolunu artıracaqdır.
Üzv olan dövlətlər, hökumətlərarası və qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat mərkəzləri, təşkilatlar, məktəblər və digər tərəflər bu günün qeyd olunmasında fəal iştirak etməlidirlər.
14 mart - Beynəlxalq Riyaziyyat Günü bu il ilk dəfədir ki, bayram kimi qeyd edilir. Həmin gün dünya riyaziyyatçılarının bayramıdır. Fürsətdən istifadə edib Azərbaycan riyaziyyatçılarını bu bayram münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ölkəmizdə Riyaziyyat elminin inkişafı naminə daha böyük uğurlar arzu edirik.
Riyaziyyatsız həyat olmamış, yoxdur və olmayacaqdır!

 Misir Mərdanov,
AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru,
professor.
Aynur Həsənova,
riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.
Səbinə Salmanova,
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun əməkdaşı

"Respublika" qəzeti 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015