AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurası bir sıra multidissiplinar məsələləri müzakirə etdi
Mart 03, 2020 | 02:23 / Konfranslar, iclaslar
Oxunub 188 dəfə

Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının iclası keçirildi.

İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi Şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və qonaqlar iştirak etdilər.

Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxıldı. AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarından irəli gələn vəzifələr haqqında məlumat verən akademik Rasim Əliquliyev Bölmə və onun elmi müəssisələrinin 2020-ci il üçün Fəaliyyət planının hazırlanıb 1 ay müddətində AMEA Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini diqqətə çatdırdı.

FRTEB-in sədri, həmçinin Rəyasət Heyətinin adıçəkilən qərarından irəli gələn bir sıra mühüm elmi və elmi-təşkilati məsələlərdən də söz açdı. Alimin sözlərinə görə, Bölmənin elmi müəssisələrində əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirilməsi, intellektual məhsulların kommersiyalaşdırılmasının və digər qurumlarla münasibətlərin müəllif hüquqları, intellektual mülkiyyət hüquqları və digər normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsi, beynəlxalq və respublika səviyyəli qrantlarla (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin “Elm” Fondu və s.) fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu elmi mərkəzlərlə birgə tədqiqatların aparılması və meqalayihələrdə fəal iştirakın gücləndirilməsi cari ildə qarşıda duran əsas prioritet məsələlərdəndir.

İclasda, həmçinin həlli vacib olan digər elmi-təşkilati məsələlərə də baxıldı. Belə ki, AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflər müzakirə olundu, akademik Fəraməz Maqsudovun 90 illik, akademik Adil Qəribovun 70 illik yubileylərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul edildi.

Daha sonra Elmi Şura akademik Telman Əliyevin, texnika elmləri doktorları Abbas RzayevSakit Rəsulovun həmmüəllifi olduqları “Zəlzələlərin yaranma mexanizmi, monitorinqi və proqnozu” kitabı, həmçinin texnika üzrə fəlsəfə doktoru Nərmin Rzayevanın “Ürək-damar sistemində baş verən dəyişikliklərin robast monitorinq sistemi”, texnika üzrə fəlsəfə doktoru Elşən Mustafayevin “Çap əlyazma mətnlərin tanıma üsulları”, texnika üzrə fəlsəfə doktoru İcabikə Sərdarovanın “Qazlift neftçıxarmasında eksperimental tədqiqatların idarə edilməsi” və  texnika üzrə fəlsəfə doktoru Oqtay Mirzəyevin “Dozator-konveyerlərdə rəqəmsal idarəetmə” monoqrafiyalarının nəşrə tövsiyə olunmasını qərara aldı.

Elmi Şuranın digər qərarına əsasən, AMEA və Fransanın Monpelye Universiteti arasında ikili doktorantura proqamı üzrə imzalanmış Saziş çərçivəsində 2019-cu ildə elan edilən müsabiqənin qalibi, Fizika İnstitutunun kiçik elmi işçisi Səid Paşayevin Fransa Respublikasının Monpelye Universitetinə ezam olunur.

İclasda, həmçinin bir sıra kadr məsələləri də müzakirə olundu. Qeyd olundu ki, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə tövsiyə olundu. Həmçinin Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və institutun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev yenidən növbəti 5 il üçün həmin vəzifələrə tövsiyə olunurlar. Elmi şura tövsiyə olunan namizədlərin müvafiq vəzifələri tutmaları, bundan başqa, Riyaziyyat və Mexanika İnstitutunun təklif etdiyi namizədlərin müvafiq – şöbə müdiri, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrinə təsdiq olunmaları barədə qərar qəbul etdi.

Sonra Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının FRTEB-in elmi müəssisələrində mövcud olan Elmi şuralarının yenidən formalaşdırılması və tərkibinin müəyyən olunması, eləcə də bir sıra həlli vacib olan məsələlər müzakirə olundu, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015