AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Bölmənin elmi müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Fev 26, 2020 | 01:38 / Konfranslar, iclaslar
Oxunub 63 dəfə

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin bir sıra elmi müəssisə və təşkilatlarında, o cümlədən Riyaziyyat və MexanikaRadiasiya Problemləri,  Biofizika, institutlarında, eləcə də Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında anım tədbirləri keçirilib.

Tədbirlər Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad ediləsi ilə başlayıb.

Mərasimlərdə XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının erməni millətçilərinin və onların havadarlarının illər boyu Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu bildirilib, bu faciə haqqında statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 

Vurğulanıb ki, bu hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət ümummili lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra verilib və məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə qəbul edilən müvafiq qərardan sonra 26 fevral tarixi “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul edilib.

Anım tədbirlərində erməni böhtanlarının ifşası, azərbaycanlıların soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, bu sahədə Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Aparılan diplomatik fəaliyyət nəticəsində 2 dövlət Xocalıda baş verənləri soyqırımı, 11 ölkə, o cümlədən ABŞ-ın 22 ştatı isə qətliam kimi tanıyır. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası da Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır. 

Vurğulanıb ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015