AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Xocalı soyqırımından 28 il ötür...
Fev 26, 2020 | 08:24 / Mühüm hadisələr
Oxunub 39 dəfə

Bu gün erməni silahlı dəstələrinin Xocalıda törətdiyi soyqırımından 28 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər.

Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub.

Ancaq bu niyyət baş tutmayıb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutublar.

Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 

Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib.

Yaralıların sayı isə 487-dir. Onların arasında 76-sı uşaqdır. 

1275 nəfər əsir götürülüb. 150 nəfər itkin düşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015