AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Noy 02, 2017 | 01:28 / Mühüm hadisələr
Oxunub 332 dəfə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Tədbiri giriş sözü ilə Universitetin rektoru Mustafa Babanlı açıb. İlk olaraq ADNSU-nun fəaliyyət istiqamətləri, burada tədris olunan ixtisaslar haqqında məlumat verib. O bildirib ki, iki müəssisənin əməkdaşlığı AMEA rəhbərliyi ilə Təhsil Nazirliyinin elm və təhsilin inteqrasiyası istiqamətində gördüyü işlərdən irəli gəlir. M.Babanlı ADNSU-da maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində birlikdə tədqiqatlar, kadrlar mübadiləsi aparılacaq, yerli və xarici elmi təşkilatlarla müştərək layihələr həyata keçiriləcək.
Tədbir Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun çıxışı ilə davam edib. O, ADNSU-da və Fizika İnstitutunda dəfələrlə görüşlərin təşkil olunmasından, kollektiv və maddi-texniki baza ilə tanışlıqdan bəhs edib. N.Məmmədov Universitetin aparıcı elmi müəssislərdən olduğunu və dünyada tanındığını qeyd edib. O, əməkdaşlıq çərçivəsində görülən işlərin yüksək səviyyədə reallaşacağına ümid etdiyini bildirib.
Daha sonra AMEA Fizika İnstitutu və ADNSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
İmzalama mərasimindən sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov çıxış edib. Bildirib ki, Fizika İnstitutu ilə ADNSU arasında əməkdaşlıq, xüsusən də “Fizika” kafedrası, energetika ixtisası üzrə əlaqələr həmişə mövcud olub. “Fizika” kafedrasının çoxlu sayda professor və dossentlərinin AMEA Fizika İnstitutunun yetirmələri olduğunu qeyd edib. Bildirib ki, bu əməkdaşlıq elmi və pedaqoji əlaqələri genişləndirəcək və yüksək nəticələr əldə olunacaq.
Tədbirdə həmçinin, Fizika İnstitutunun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, ADNSU-nun “Fizika” kafedrasının müdiri, professor Musavər Musayev və “İstilik energetikası” kafedrasının professoru Kamal Abdullayev çıxış ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015