AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib
Fev 28, 2016 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 1245 dəfə

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

Hesabat ilində bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov məlumat verib. Bildirib ki, həyata keçirilən tədqiqatlar AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi tədqiqat işlərinin prioritet istiqamətləri"nə əsasən aparılıb.

Bölmənin akademik-katibi hesabat ilində əldə olunmuş mühüm nəticə və nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. “Ötən il bölmənin müəssisələrində 22 elmi problemə aid 78 mövzu üzrə 317 tədqiqat işi aparılıb, bunlardan 41 mövzu və 222 iş isə tamamlanıb. 26 elmi-tədqiqat işinin nəticəsinin tətbiqi üzrə plana müvafiq tədbirlər icra edilib, 20 nəticə isə artıq tətbiq olunub.Hesabat ilində bölmənin əməkdaşları 7-si xaricdə olmaqla 10 monoqrafiya, 5-i xaricdə olmaqla 43 kitab, 9 dərslik və elmi-kütləvi nəşr dərc etdiriblər. Həmçinin 33 dissertasiya işi müdafiə edilib, 34 iş isə müdafiə ərəfəsindədir”.

Nazim Məmmədov qeyd edib ki, patent almaq üçün 30 iddia sənədi verilib, 24-ü xaricdə olmaqla 33 patent alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Sənaye mülkiyyəti, ixtiralar, faydalı modellər, sənaye nümunələri” rəsmi bülleteninin müxtəlif nömrələrində bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatlar dərc edilib. Ötən il 1136 məqalə çap olunub ki, onlardan 349-u impakt faktorlu, 691-i nüfuzlu xarici elmi jurnallarda nəşr edilib.

Məruzədə hesabat ilində bölmə müəssisələrinin Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş bir sıra dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin icrası, o cümlədən keçirilən beynəlxalq konfrans və simpoziumlar haqqında ətraflı məlumat verilib. Bölmə əməkdaşlarının ABŞ, Kanada, Yaponiya, Koreya, Almaniya, Fransa, İngiltərə, Belçika, İtaliya, Türkiyə, Çexiya, Rusiya, Ukrayna, Latviya, Belarus, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda plenar məruzələrlə çıxış etdikləri qeyd olunub.

N.Məmmədov hesabat ilində beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən də bəhs edib. Bildirib ki, ötən il Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyətini davam etdirib. AMEA müəssisələrinin və ölkəmizin aidiyyatı qurumlarının təqdimatı əsasında, müsahibə yolu ilə seçilmiş əməkdaşlar AMEA Rəyasət Heyətinin qərarı əsasında BNTİ-yə göndərilir. Bu il 6 əməkdaş uzunmüddətə BNTİ-yə göndərilib və hazırda orada 21 əməkdaş çalışır.

Bölmənin akademik-katibi bildirib ki, CERN-lə Azərbaycan arasında bağlanmış müqavilə əsasında fiziklər bu təcrübədə bilavasitə iştirak edirlər. Razılaşmaya əsasən AMEA-da GRİD sistemi yaradılıb və CERN GRİD şəbəkəsinin tərkibinə inteqrasiya edilərək fəaliyyət göstərir.

Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, bölmənin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş hesab olunub və AMEA-nın illik hesabatına daxil edilməsi haqqında tapşırıq verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015